BAKI, 24 iyun. TELEQRAF
"Ölkə sərhədlərinin bağlı qalması şimaldan və cənubdan olan təhdidlərin aradan qaldırılmasında mühüm rol oynayıb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.
Deputat bildirib ki, Azərbaycanın dövlət sərhədlərinin bağlı olmasının bir neçə mühüm səbəbi var:
"İlk növbədə, ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin dayanıqlı təmini və təhlükəsizliyin daha da gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Ermənistanın işğalına son qoyulsa da, sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyası fəaliyyətdə olsa da, şərti sərhəddə gərginlik tam aradan qalxmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın təcavüzünə görə təxminən 700 km sərhədimiz bu dövlətlə, 132 km-lik dövlət sərhədimiz isə cənubda İranla 30 il ərzində işğal altında olmuşdur. İşğala və onun nəticələrinə görə Azərbaycanın dövlət orqanları bu ərazilərdə öz yurisdiksiyasını icra edə bilməmişlər. Həmçinin qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, kütləvi qaçqın axını təhlükəsi kimi faktorlar da sərhədlərin bağlı saxlanmasını zəruri edən şərtlərdəndir. Quru sərhədlərinin bu gündə bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin dayanıqlı müöhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Pandemiyanın xaricində – bu qərarın əsas motivi "milli təhlükəsizliyin və sabitliyin tam təmini" olmuşdur".
Deputat bildirib ki, quru sərhədlərimizin bağlı qalması strateji maraqları təmin etmək məqsədi daşıyır:
"Azərbaycan regionda artan təsirini və milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasətini nəzərə alaraq, sərhədlərin açılması ilə bağlı qərarları diqqətlə və mərhələli şəkildə verir. Hazırda bütün ölkələrlə hava və dəniz yolları açıq olsa da, quru sərhədlərimiz insanların hərəkəti üçün bağlı saxlanılır. Bu da həm regional risklərdən qorunmaq, yeni çağırışlara hazır olmaq baxımından da məqsədəuyğun sayılır".