BAKI, 21 iyun. TELEQRAF
Dövlət büdcəsinin ehtiyat və məqsədli fondlarından ayrılan pullar, hansı məqsədlə ayrılıbsa, o istiqamət üzrə uçota alınmalı və izah edilməlidir.
Teleqraf xəbər verir ki, sözügedən məsələ "Büdcə sistemi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunur ki, Prezidentin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə, həmçinin dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, yerli büdcələrin ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları isə bələdiyyələr tərəfindən müəyyən edilir.
Yuxarıda qeyd olunanlara uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi VƏ inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılacaq.