BAKI, 21 iyun. TELEQRAF
“Naxçıvanda həyata keçirilən dəyişikliklər gələcəkdə digər rayonlara da tətbiq edilə bilər”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov iyunun 21-də parlamentdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Prezidentin səlahiyyətli nümayəndəsinin təyinatı işlərin daha da sürətləndirilməsinə səbəb ola bilər:
“Zəngəzur dəhlizi açıldıqdan sonra Mərkəzi Asiya ilə Avropanı birləşdirən yolun bilavasitə Naxçıvandan keçməsi burada görüləcək işlərin sürətləndirilməsini vacib edir. Naxçıvanda həyata keçirilən təcrübəni digər rayonlara da tətbiq etmək olar. Bu, işlərin daha da sürətlənməsinə, həmin ərazilərin inkişafına səbəb olacaq”, - S.Novruzov söyləyib.