BAKI, 3 iyun. TELEQRAF
"Ötən il dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla, yəni 3,3 milyard manatla müqayisədə 6,1 dəfə az olub".
Teleqraf xəbər verir ki, bu fikirlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə səsləndirdiyi rəydə əksini tapıb.
Deputat bildirib ki, nəticədə kəsirin ÜDM-də payı proqnozlaşdırılan 2,8 faizdən 0,4 faizə enib:
"İcmal büdcənin gəlirləri isə 48 milyard manat, xərcləri isə 43 milyard manat icra olunub. İcmal büdcə 2,1 milyard manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq, 5,1 milyard manat məbləğində profisit yaranıb. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2024-cü ilin sonuna 24,0 faiz hədəfləndiyi halda, bu rəqəm 20,6 faiz olub. Digər bir parametr olan dövlət borcunun ÜDM-ə nisbətinin isə ortamüddətli dövr üzrə yuxarı həddi 30,0 faiz səviyyəsində hədəfləndiyi halda bu göstərici 21,7 faiz təşkil edib".