BAKI, 25 sentyabr. TELEQRAF

Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə işlər sürətlə irəliləyir. Layihənin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin may ayında başa çatdırılması, dəhlizin isə 2032-ci ildə fəaliyyətə başlaması gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

O qeyd edib ki, digər mühüm təşəbbüs Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizidir:

“Bu layihə üzrə hökumətlərarası sazişin gələn ilin noyabrında COP31 çərçivəsində imzalanması planlaşdırılır.

Naxçıvan vasitəsilə Azərbaycan–Türkiyə elektrik enerjisi interkonnektorunun inkişaf etdirilməsi də xüsusi strateji əhəmiyyət daşıyır. İlkin ötürmə gücü 1 QVt olacaq bu layihə ölkələrimizin elektrik enerjisi sistemləri arasında yeni bağlantı yaradacaq.

Gələcəkdə bu layihə Azərbaycanın digər ərazilərində və Mərkəzi Asiyada istehsal olunan yaşıl elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılması üçün əlavə imkanlar da yaradacaq”.

Nazir əlavə edib ki, bu layihələrin məcmu strateji əhəmiyyəti onların ayrı-ayrılıqda yaratdığı imkanlardan daha genişdir:

“Əsas məqsədimiz bu enerji dəhlizlərini bir-biri ilə əlaqələndirərək Mərkəzi Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş və şaxələndirilmiş elektrik enerjisi interkonnektorları şəbəkəsi yaratmaqdır.

Belə bir şəbəkə Azərbaycanı yalnız yaşıl enerjinin istehsalçısı və ixracatçısı kimi deyil, həm də regionlar arasında enerji axınlarını birləşdirən əsas regional enerji habı kimi mövqeləndirəcək. Bu genişmiqyaslı transformasiya beynəlxalq maliyyə institutları və özəl sektor üçün yeni investisiya imkanları da yaradır.

Özəl sektoru, beynəlxalq maliyyə institutlarını və enerji şirkətlərini regional enerji interkonnektorlarının inkişafında fəal iştirak etməyə və formalaşmaqda olan yaşıl enerji bazarının yaratdığı imkanlardan birgə yararlanmağa dəvət edirik”.