BAKI, 25 sentyabr. TELEQRAF

“Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə Azərbaycanın investisiya imkanlarının növbəti təqdimatı deyil. Forumun əsas mövzusu – “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” – əslində bugünkü dünya iqtisadiyyatının qarşısında duran əsas problemi dəqiq ifadə edir. Kapital artıq yalnız gəlirlilik axtarmır. Müasir investor üçün siyasi sabitlik, qərarların proqnozlaşdırıla bilməsi, təhlükəsiz logistika, bazarlara çıxış və tərəfdaşın etibarlılığı ən az maliyyə göstəriciləri qədər mühüm amillərə çevrilib. Məhz bu baxımdan, Bakıda keçirilən forumun əhəmiyyəti daha geniş kontekstdə qiymətləndirilməlidir”.

Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında ticarət qarşıdurmaları dərinləşir, ənənəvi təchizat zəncirləri yenidən qurulur, geosiyasi risklər biznes qərarlarına birbaşa təsir göstərir.

"Belə şəraitdə 70 ölkədən 803 xarici nümayəndənin iştirak etdiyi, ümumilikdə 3000-dən çox şəxsin qeydiyyatdan keçdiyi bir platformanın Bakıda formalaşması özü-özlüyündə diqqətəlayiq faktdır. Söhbət sadəcə iştirakçı sayından getmir. Bu miqyas Azərbaycanın beynəlxalq biznes və investisiya dairələri üçün maraq doğuran iqtisadi məkana çevrilməsinin göstəricisidir. Bu marağın əsasını isə təsadüfi və ya situativ faktorlar deyil, son illər ərzində formalaşdırılmış iqtisadi dayanıqlılıq təşkil edir. Azərbaycan özünü enerji resursları ilə zəngin ölkə kimi təqdim etməklə kifayətlənmir. Qarşıya qoyulan əsas məqsəd enerji gəlirlərini iqtisadiyyatın daha geniş transformasiyasına, yeni istehsal sahələrinin yaradılmasına, infrastruktura, texnologiyalara və insan kapitalına yönəltməkdir.

Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də iqtisadi şaxələndirmənin strateji xətt olduğu və 2026-cı ildə qeyri-neft sektorunun ÜDM-də payının 72 faizə çatmasının gözlənildiyi vurğulanıb", - deyə qeyd edib.

Onun sözlərinə görə, burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan artıq investor qarşısında yalnız potensial təqdim etmir, əvvəlki qərarların konkret nəticələrini də göstərə bilir: "Ötən il keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanmışdı. Onların 7 milyard dollardan çoxu xarici sərmayənin cəlb olunması ilə qeyri-neft sektorunda həyata keçiriləcək layihələrin payına düşürdü. Bu rəqəmlərin əsas əhəmiyyəti onların həcmində deyil. Daha vacib olan investisiyanın strukturudur. Kapitalın neft-qaz sektorundan kənara çıxması iqtisadiyyatın şaxələndirilməsi siyasətinin artıq investisiya axınlarının coğrafiyasında və sektor strukturunda özünü göstərdiyini nümayiş etdirir”, - deyən deputat əlavə edib ki, ikinci Forumda bu tendensiya daha aydın görünür.

Sənaye, maliyyə, tikinti, süni intellekt, rəqəmsal texnologiyalar, bərpa olunan enerji, kənd təsərrüfatı, əczaçılıq və digər sahələr üzrə yeni əməkdaşlıq sənədlərinin gündəlikdə olması Azərbaycanın investisiya portfelinin getdikcə genişləndiyini göstərir. Forumun ilk günündə artıq müxtəlif istiqamətləri əhatə edən bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Bu prosesdə Azərbaycanın coğrafi mövqeyi də yeni iqtisadi məzmun qazanır. Uzun illər ölkəmizin Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməsi əsasən tranzit üstünlüyü kimi təqdim olunurdu. Lakin bugünkü reallıqda məsələ yalnız tranzitdən ibarət deyil. Orta Dəhlizin artan əhəmiyyəti, Xəzər üzərindən Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi, liman, dəmir yolu və avtomobil infrastrukturlarına yatırılan sərmayələr Azərbaycanın regional istehsal və logistika zəncirlərində rolunu dəyişir".

Sevinc Fətəliyevanın fikrincə, məqsəd təkcə yüklərin Azərbaycan ərazisindən sadəcə keçməsi deyil: "Daha böyük iqtisadi effekt həmin yükün ətrafında istehsalın, emalın, logistikanın, anbar infrastrukturunun, xidmətlərin və maliyyə mexanizmlərinin formalaşdırılmasıdır. Yəni tranzit ölkəsindən regional dəyər zəncirinin mühüm həlqəsinə keçid baş verir. Forumda Orta Dəhlizin ayrıca müzakirə mövzusu olması da bununla bağlıdır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun forumda səsləndirdiyi məlumata görə, tələb olunan investisiyalar və effektivliyin artırılması şəraitində Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər".

Millət vəkili vurğulayıb ki, bu, investor üçün Azərbaycanın bazar anlayışını da dəyişdirir:

“Azərbaycana sərmayə yatıran şirkət yalnız on milyonluq daxili bazarı nəzərə almır. O, Azərbaycan üzərindən Cənubi Qafqaza, Mərkəzi Asiyaya, Türkiyəyə və Avropa istiqamətinə çıxış imkanını qiymətləndirir. Xüsusilə qlobal şirkətlərin “China+1”, alternativ təchizat marşrutları və regional istehsal mərkəzləri axtardığı bir dövrdə bu üstünlük daha böyük əhəmiyyət qazanır. Bununla paralel olaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsi və regionda nəqliyyat kommunikasiyalarının açılması perspektivi də investisiya risklərinin qiymətləndirilməsinə təsir edən mühüm amildir. Kapital üçün regional sabitlik abstrakt siyasi anlayış deyil; logistikanın təhlükəsizliyi, layihələrin geri dönüş müddəti və uzunmüddətli planlaşdırma imkanları deməkdir. Cənubi Qafqazda kommunikasiya və iqtisadi əlaqələrin genişlənməsi perspektivi Azərbaycanın həm nəqliyyat, həm enerji, həm də istehsal baxımından regional mərkəz rolunu daha da gücləndirə bilər”.


Sevinc Fətəliyeva deyib ki, Forumun digər mühüm xüsusiyyəti Azərbaycanın iqtisadi potensialının ayrı-ayrı sahələr üzrə deyil, vahid sistem kimi təqdim edilməsidir. Enerji və maliyyə ilə yanaşı, aqrar sektor, ekologiya və yaşıl inkişaf, əmək bazarı, şəhərsalma, rəqəmsal iqtisadiyyat, süni intellekt və insan kapitalı eyni investisiya gündəliyinin tərkib hissəsinə çevrilib. Bu yanaşma müasir iqtisadiyyatın məntiqinə uyğundur: iri investor artıq bir layihənin gəlirliliyindən çox həmin layihənin fəaliyyət göstərəcəyi ümumi ekosistemi qiymətləndirir. Məsələn, yaşıl enerji layihəsi yalnız elektrik istehsalı demək deyil. O, enerji infrastrukturu, sənaye istehsalı, ixrac, rəqəmsal idarəetmə və maliyyə mexanizmləri ilə birlikdə dəyərləndirilir. Süni intellekt də ayrıca texnoloji sahə deyil; sənaye, dövlət idarəçiliyi, logistika, maliyyə və su təsərrüfatından tutmuş şəhərsalma və insan kapitalına qədər çoxsaylı sahələrdə məhsuldarlığı dəyişən faktor kimi çıxış edir. Forumun proqramında bu istiqamətlərin paralel müzakirəsi Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin daha kompleks xarakter aldığını göstərir.

““The European House – Ambrosetti” kimi nüfuzlu beynəlxalq analitik mərkəzin strateji tərəfdaş qismində iştirakı da forumun başqa bir vacib cəhətini ortaya qoyur. Bu iştirak Bakının yalnız investisiya müqavilələrinin imzalandığı deyil, həm də qlobal iqtisadi trendlərin, geosiyasi dəyişikliklərin və kapitalın yeni istiqamətlərinin müzakirə edildiyi analitik mərkəzlərdən birinə çevrilmək iddiasını əks etdirir. Forumun proqramında beynəlxalq investorlar, hökumət nümayəndələri, maliyyə institutları və ekspert dairələrinin eyni platformada birləşdirilməsi də bu məqsədə xidmət edir”, - deyən deputatın fikrincə, əslində, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajı burada formalaşır: müasir iqtisadiyyatda etimad özü investisiya resursudur. Bu etimad yalnız bəyanatlarla yaranmır. Onun arxasında makroiqtisadi sabitlik, uzunmüddətli strategiya, biznes üçün proqnozlaşdırılan mühit, inkişaf etmiş infrastruktur və artıq həyata keçirilmiş layihələrin təcrübəsi dayanmalıdır. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əhəmiyyətli hissəsinin əldə etdiyi mənfəəti yenidən ölkə iqtisadiyyatına yatırmağa üstünlük verməsi də investor davranışında bu etimadın praktik ifadələrindən biridir. Ona görə də forumun uğurunu yalnız iki gün ərzində imzalanacaq sənədlərin sayı və ya onların nominal dəyəri ilə ölçmək düzgün olmazdı. Daha mühüm məsələ Azərbaycanın qlobal kapital xəritəsində hansı mövqeni tutmasıdır.
“Bugünkü mürəkkəb beynəlxalq şəraitdə üstünlük yalnız böyük bazara və ya zəngin resurslara malik olmaqla əldə edilmir. Sabitlik yarada bilən, regionları birləşdirən, uzunmüddətli öhdəliklərinə sadiq qalan və kapitala yeni inkişaf sahələri təklif edən dövlətlər daha rəqabətli mövqeyə çıxırlar. Azərbaycanın qarşısında duran imkan da məhz bundan ibarətdir: ölkənin enerji, nəqliyyat, siyasi sabitlik və coğrafi mövqe kimi ənənəvi üstünlüklərini yeni sənaye, texnologiya, yaşıl enerji və regional istehsal imkanları ilə birləşdirərək investisiya üçün daha geniş iqtisadi platforma yaratmaq. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu isə bu transformasiyanın həm təqdimat meydanı, həm də onu konkret iqtisadi tərəfdaşlıqlara çevirən mexanizmlərdən biri kimi çıxış edir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.