BAKI, 1 may. TELEQRAF
Bu gün media müstəvisində tendensiyaları süni intellekt, "big data"lar müəyyən edir.
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, süni intellekt məzmun yaradılmasını asanlaşdırsa da, bəzən saxta və manipulativ məlumatların yayılmasına səbəb olur.
"Buna görə medianın peşə etikasına sadiqliyi, kiberdayanıqlılıq, kibertəhlükəsizlik çox önəmlidir. Ölkəmizdə rəqəmsal transformasiya vahid sistem kimi qurulacaq", - o vurğulayıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, son 15 ildə sosial şəbəkələr internetə daxil olmağın əsas səbəblərindən birinə çevirilib.
"Rəqəmsal platformalar əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevirilib. İnkişafda olan ölkələrin cəmi 3-də 1 hissəsinin internetə çıxışı var. Bu da çox aşağı göstəricidir. Azərbaycan əhalisinin isə internetə çıxışı dünya üzrə orta göstəricidən yuxarıdır", - o vurğulayıb.