BAKI, 21 aprel. TELEQRAF
Bakı Kitab Mərkəzində "Parni iz Baku" komandasının kapitanı, ictimai xadim, Milli Məclisin keçmiş deputatı Anar Məmmədxanovun həyat və yaradıcılığına həsr olunan "Özünə sadiq ömür: Anarsız 15 il..." adlı tədbir keçirilib.
Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova Teleqraf-a açıqlamasında həyat yoldaşı haqqında xatirələrini bölüşüb:
"Bu gün sevdiyimiz insanın anım gününə toplaşmışıq, xatirələrimizi və düşündüklərimizi bölüşürük. Belə bir insanın gedişi həm fiziki, həm də mənəvi baxımdan bizə çox təsir etdi və insanların qəlbində böyük iz qoydu. Ölümündən 15 il keçsə də sanki bu hadisə iki il əvvəl baş verib.
Anar Məmmədxanov çox nadir və dürüst insan idi".

Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov Teleqraf-a açıqlamasında Anar Məmmədxanovun çox səmimi, vətənpərvər bir insan olduğunu bildirib.
"Böyük xoşbəxtlikdir ki, biz Anarı gördük, onunla ünsiyyətdə olduq və dostluq etdik. Anarla tanışlığımız sanki Allah tərəfindən bir hədiyyə idi.
"Bakılı oğlanlar"ın hər birində müsbət xüsusiyyətlər var və bunların kökündə Anar Məmmədxanovun təsiri dayanır. Vətənpərvərlik, niyyətin saf olması, nə qədər çətinlik olsa da işləmək qabiliyyəti və məsuliyyət hissi, bütün bunlar Anardan gəlir.

Anarı təkcə biz deyil, ailəmiz və övladlarımız da çox sevir. Çox istərdik ki, Anar yaşasın. Amma bu, Allahın qismətidir. Nə etmək olar... Anarın artıq nəvələri var, Allah onlara uzun ömür versin".
Kitabın müəllifi Elmira Axundova çıxış edərək Anar Məmmədxanovun həyatına həsr olunmuş “Kapitanın taleyi” əsəri barədə məlumat verib. Qeyd edib ki, kitab Azərbaycan dilinə tərcümə edilib.
Milli Məclisin deputatı Səməd Seyidov Anar Məmmədxanovun dərin vətən sevgisindən, yüksək intellektindən və təşkilatçılıq bacarıqlarından bəhs edərək onun ictimai həyatda oynadığı rolu xüsusi vurğulayıb.
Tədbirdə Anar Məmmədxanovun oğlu İslam Məmmədxanov da yer alıb. O, çıxışı zamanı atasının artıq baba olduğunu qeyd edərək bu xəbərin ailə üçün xüsusi məna daşıdığını bildirdi. Eyni zamanda atasının vətənə bağlılığından danışaraq Azərbaycanın bayrağını daim uca tutmağın vacibliyini vurğulayıb.
Millət vəkili Asim Mollazadə və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də çıxış edərək Anar Məmmədxanovun zəngin irsindən və cəmiyyət üçün gördüyü işlərdən bəhs etdilər.
Kitabın tərcüməçisi Rəbiqə Nazimqızı çıxışı zamanı Anar Məmmədxanovun əzimkarlığı və böyük şəxsiyyət olmasından danışdı.
Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film nümayiş olunub.
Sonda çıxış edən incəsənət nümayəndələri Anar Məmmədxanov haqqında xatirələrini bölüşərək onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu bir daha qeyd ediblər.
Qeyd edək ki, tədbirdə bir çox ictimai-siyasi şəxslər və media nümayəndələri iştirak ediblər.