BAKI, 18 iyul. TELEQRAF

Bu gün Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşirin anım günüdür.

Behbud xan 25 iyul 1878-ci ildə Qarabağın Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində doğulub. Qarabağ xanlığının (1747-1822) əsasını qoymuş Pənahəli xanın nəslindəndir. Orta tәhsilini Tiflis gimnaziyasında alıb, 1899-cu ilin oktyabrında Almaniyaya gedib vә orada Frayberq Dağ-Mәdәn Akademiyasına daxil olub. Tәhsilini 22 dekabr 1903-cü ildә dağ-mәdәn mühәndisi diplomu ilә başa vurub. Almaniyadan İngiltәrәyә gedәrәk tәkmillәşdirmә kurslarında oxuyub. Ana dilindәn başqa alman, ingilis, fransız, rus vә gürcü dillәrini bilib. 1906-cı ildә Azәrbaycana qayıtdıqdan sonra Şibayevin neft mәdәnlәrindә mühәndis kimi işlәmәyә başlayıb.

O, Əhməd bəy Ağaoğlunun təsis etdiyi Difai Firqəsinin qurulmasında iştirak edib, təşkilatın rəhbər heyətinə daxil olub. Onun Azad Qaraqoyunlu kəndindəki evində Difainin gizli toplantıları baş tutub.

1917-ci ildə Behbud xan Bakıda yaradılan Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilib. Həmin ilin payızında Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə iştirak edib, Zaqafqaziya Seymində təmsil olunub.

Azərbaycan Milli Şurası 1918-ci il iyunun 17-də Azərbaycan Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiqləyib. Behbud xan Cavanşir bu kabinədə daxiliyyə naziri olub. 1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklərdən sonra bitərəf Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirib. Cavanşir 1918-ci il dekabrın 21-dək daxili işlər naziri vəzifəsində qalıb. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamenti təsdiq olunanda Behbud xan orada təmsil olunub. Bolşevik Rusiyasının Azərbaycan Cümhuriyyətini işğalından sonra 1920-ci ilin may ayında həbs olunan Behbud xan tezliklə peşəkar mütəxəssisə ehtiyac duyan bolşeviklər tərəfindən azad edilib.

“Azneft” şirkətində işə başlayan Cavanşir Zaqafqaziya xarici ticarət müvəkkili vəzifəsinə təyin olunub. 1921-ci ilin yayında o, Bakının neft-mədən sənayesi üçün yeni avadanlıq və texnologiya almaq məqsədilə ezamiyyətə göndərilib. Xanımı Tamara Cavanşir, qardaşı Surxay xan və Cəmşid xanla birlikdə İstanbula gedən Behbud xan qohumları Əhməd bəy Ağaoğlunun Şahzadəbaşı məhəlləsindəki evinə yerləşib. Qısa zaman sonra Ağaoğlu ailəsinin etirazlarına baxmayaraq, İstanbulun “Perepalas” hotelinə köçüblər.

1921-ci il iyul ayının 18-də, gecə saat 23:00 radələrində “Perepalas” hotelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan Behbud xan Cavanşiri qətlə yetirib. 1921-ci il avqustun 18-də işğal qüvvələrinin komandanı, general Harrinqtonun əmri ilə qatil hərbi məhkəmədə mühakimə olunub. Məhkəmədə təkcə Behbud xanın öldürülməsi məsələsi və qatil Torlakyanın mühakiməsi deyil, həm də 1918-ci il Bakı hadisələri təftiş edilib.

İngilis işğalındakı İstanbulda baş tutan məhkəmədə türklərin qələbə qazanması mümkünsüz idi. 1922-ci il yanvarın 4-də məhkəmə hökmü elan edilib: Misak Torlakyan cinayəti affekt halında törətməsi iddiası ilə azad olunur. Nəticədə, qatil ABŞ-yə qaçırılıb və uzun illər orada yaşayıb. Behbud xan ölümündən üç gün sonra, 20 iyul 1921-ci ildə İstanbulda, Beşiktaşdakı Yəhya Əfəndi dərgahında dəfn edilib.

Həmin il Malta sürgünündən qayıdan görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu Behbud xanın qətlini Anadoluda ikən eşidib. Bu barədə o, milli mücadiləni Trabzonda xalqa izah etməyə getdiyi zaman verdiyi bir mühazirədə detallı şəkildə danışıb. “İstiqbal” qəzetində mətni də nəşr edilən bu çıxışın bir qismi Behbud xanın qətlinə, digər qismi isə erməni-türk münasibətlərinə həsr edilib.

***

Əhməd bəy Ağaoğlu Behbud xan Cavanşirin qətlini necə eşitdiyini bu şəkildə bildirib:

“Mərhum və məğfur, şəhid Behbud xan Cavanşirin qətl xəbərini Anadolunun ucqar bir köşəsində eşitdim, sanki qəlbgahımdan vuruldum. Çünki Behbud xan yerlim, əqrəbam, dostum və çox iftixar etdiyim, yetişdirdiyim bir Azərbaycan gənci idi. Mərhum Qarabağın son müstəqil xanı İbrahim xanın üçüncü qarından varisi idi. Rus məktəbini bitirdikdən sonra Almaniyaya gedərək təhsilini tamamlamışdı. Elmi dühası o qədər yüksək dərəcədə idi ki, Bakıda neft sahəsində milyonlara sahib olan ingilis petrol komissiyalarının və məşhur isveçli “Nobel” şirkətinin uzun müddət müdiri olmuşdu. Bakıda fəaliyyət göstərən bütün Avropa və rus mühəndisləri onun ali səlahiyyətini tanıyırdılar, rəyinə tabe olar, qərarlarına itaət edərdilər. Müstəqil Azərbaycan dövlətinin ilk daxiliyyə naziri idi. Bolşeviklərin istilalarından sonra on iki dostu ilə birlikdə edama məhkum edilir. On bir dostu edam edilir. Növbə ona gəldiyi zaman Cavanşirin qafasına qıymamışlar və “bu adam bizə lazım olar” deyə bir kənarda saxlamışlar. Həqiqətən də, bolşeviklər Bakı neft sənayesini rəsmən idarə etməyə çalışdılar, amma bacara bilmədilər. Çar-naçar qalıb işi Cavanşirə həvalə etdilər. O, Azərbaycanın daxilində inqilab əsnasında tamamilə yararsız hala düşən və zatən çox qarışıq, düzəldilməsi gərəkli olan böyük sənaye şəbəkəsini yenidən tənzim etdi. Bu dəfə də bolşeviklər Cavanşirə daha mühüm bir vəzifə verdilər: “Avropa ilə mübadilə və satışı həyata keçirmək”. Talesiz adam bu vəzifə ilə gəlmişkən bir çirkin erməninin çirkin qurşununa qurban edilərək Azərbaycan və türklüyün İslam aləmində əmsalı olmayan bir camaat və dövlət adamından məhrum edildi”.

Ağaoğlu ermənilərin bu cinayəti törədəcəyini bilirdi, bədbəxt hadisənin baş verməməsi üçün əlindən gələni etmişdi: “Amma mən o bədbəxtin qətlə yetiriləcəyini bilirdim. İstanbula zikr etdiyim vəzifə ilə gələcəyini bildiyim üçün Batuma bir məktub yazdım və İstanbula gəlməməsini tövsiyə etdim. Ankaraya gedən zaman da yoldaşıma “şayət Behbud gələrsə, mütləq onu evimizə aparın, çölə çıxmağa qoymayın” dedim. Lakin zavallı nə məni, nə də yoldaşımı dinləmiş və o fəci aqibətə məruz qalmışdı. Maltadan qayıtdıqdan sonra bir gün şair olan dostum məni ziyarət etdi. Atəşkəsdən sonra daxiliyyə nəzarəti məqamını tutmuş olan bu zat erməni qətl və tərhib (qorxu, terror) heyətincə qətllərinə qərar verilmiş türklərin adlarını ehtiva edən bir siyahıda mənim də ismimin olduğunu gördüyünü dedi, ona görə də diqqətli olmağım üçün xəbərdarlıq etdi. Mən də məsələni tədqiq və təhqiq etdim. Həmin siyahını əldə etdim. Bir çox Osmanlı və azərbaycanlı türk ricalının (dövlət xadimlərinin), mütəfəkkir, məmur və mühərrirlərin adlarını, xülasə mənim və Behbud xanın adını gördüm. Siyahıda mərhum Tələt paşa, Azərbaycanın sabiq Baş naziri Xan Xoyski, sabiq Azərbaycan Milli Məclisinin rəisi Həsən bəy Ağayevin adları olduğundan siyahının həqiqi olduğuna şübhə etmədim. Bunun üzərinə bu gün Behbudun qətlini məhkəmədə müdafiə edən Barsamiyan əfəndini xanəmə dəvət etdim. Məlum olduğu kimi bu şəxs hərb əsnasındakı Osmanlı Məclisi-Məbusanında İttihad və Tərəqqi namizədi olaraq Sivas məbusu idi. Zatən İttihad və Tərəqqiyə ta bu cəmiyyətin mərkəzi Səlanikdə ikən üzv olmuşdu.

Rumelidə bir məktəb müəllimi imiş. Cəmiyyətin mərkəzi İstanbula köçürülərkən o da İstanbula gəldi. Universitetdə ingilis dili müəllimi oldu və nəhayət İttihad və Tərəqqi tərəfindən millət vəkili oldu, təhcir qanununun (dövlətə xəyanət edən ermənilərin köçürülməsi – D.Ə) lehinə rəy verdi. İttihad və Tərəqqi hökumətinin bütün icraatlarına mənən iştirak eylədi və bu gün bu cəmiyyətdən, təhcirdən, Tələt, Ənvər paşalardan məhkəmədə ən çox bəhs edən bu şəxs o zamanlar Ənvər və Tələt paşaların ətəklərinə ən çox yanaşanlardan, Osmanlı vətənpərvərliyini ən atəşin dillə tərənnüm edənlərdən birisi idi. Belə bir adamı evimə dəvət etdim. Ona məsələni danışdım və erməni patriki Zavon əfəndinin yanına gedərək rəisi-ruhani olması münasibətilə öz millətinə nəsihət verməsini, danışığa çağırmasını, bu kimi cinayətlər ilə zatən mövcud olan xüsumət və ədavətin daha çox dərinləşdirilməməsini, türk aləminin Ədirnədən Çin hüduduna qədər uzandığını, ermənilərin isə bu aləm içərisində yalnız bir nöqtə təşkil etdiklərini və ona görə də türkləri batırmaq məqsədilə atacaqları addımın özlərini daha çox uçuruma sövq edəcəyini izah etdim. Əvvəllər evimə gəldiyi zaman əllərimi öpmədən rahat olmayan bu adam bu dəfə divanın üstündəki yastıqlara yayılaraq dodağının ucu ilə dedi: “Əfəndim, bu işləri görənlər Daşnak firqəsinə mənsub olanlardır. Mənim və Zavon əfəndinin bu firqə ilə əlaqəsi yoxdur. O bizi də təhdid edir. Bu baxımdan növbə sizə gəlincəyə qədər çox zaman keçər”. Bunun üzərinə onu yola saldım və son söz olaraq “sən yenə də Zavon əfəndi ilə görüş, mən bu dəfə də vəzifəmi yerinə yetirmiş olum, sonra Allah aramızda hakim olar” dedim”.

Əhməd bəy nitqində mərkəzi bürosu İsveçrədə olan erməni qətl və tərhib heyətinin türk dövlət adamlarını öldürmək üçün siyahı hazırladıqlarını, Almaniya kimi yerdə öldürülən Tələt paşanın qatilinin azad edildiyini bildiyi üçün iki ildir təhlükəsizliyin olmadığı İstanbul kimi bir yerdə Behbud xanın asanlıqla öldürüləcəyini, qatilin də cəzalandırılmayacağını başa düşdüyünü bildirib. Ona görə də vaxtında Behbud xanı xəbərdar etdiyini qeyd edib. Əhməd bəy məhkəmənin gedişatında qətldən daha çox erməni təhcirindən, İttihad və Tərəqqidən, türk rical və mütəfəkkirlərindən, islamdan və sairdən danışıldığını deyib, məqsədin xristian dünyasında türklərə qarşı mənfi fikir yaratmaq olduğunu ifadə edib. Ağaoğlu ermənilərin nə qədər təbliğatçı olduqları ilə yanaşı, siyasət və psixologiyanın incəliklərinə bələd olmadıqlarını, artıq onların yalanları ilə xariciləri bezdirdiklərini bildirib, maraqlı bir nümunə çəkib: “Anadolu və Azərbaycana Vilson tərəfindən tədqiq üçün göndərilmiş Amerika heyətinin rəisi Cezzal Hebrar (yəqin ki, Ceyms Harbord – D.Ə) erməni yalanlarına nümunə olaraq Parisdə onu ziyarət edən erməni rəisinə belə demişdi: “Mən üç dəfə türklər tərəfindən qətl edildim””.

Ağaoğlu İngiltərədə lordlar palatasında Lord Kurzonun erməni himayədarlığı ilə məşhur olan Lord Beraya belə cavab verdiyini də bildirib: “Sənin himayə etdiyin ermənilər də zənn etdiyin kimi məsum quzular deyillər. Bu quzuların Zəngəzurda həyata keçirdikləri zülmlər, müsəlman uşaqlara, qadın və qocalara qarşı törətdikləri vəhşətlər tükürpətici dərəcədədir. Amma yenə də ağlayanlar, yenə də fəryad edənlər onlardır. Artıq qulaqlarımızın pərdəsi rəncidə olmağa başladı”.

Ağaoğlu ermənilərin fitnəkarlığını, ikiüzlülüyünü maraqlı bir nümunə ilə izah edib. O, bildirib ki, ermənilər ruslara xitab edərkən özünü və Parisdə Azərbaycan heyətinin sədri olan Əlimərdan bəy Topçubaşını II Əbdülhəmid xanın casusu adlandırır, Yıldız sarayından gələn pullarla hərəkət etdiyimizi deyirlər. Amma avropalılara xitab edərkən bizi Əbdülhəmid xanın deyil, çar Nikolayın casusları olduğumuzu, çarın əmri ilə hərəkət etdiyimizi bildirirlər.

Ağaoğlu nitqində daha sonra Daşnak partiyasının fəaliyyətindən, vaxtilə Bakıda iştirak etdiyi erməni-müsəlman görüşlərindən bəhs edib, 1905-1906-cı illər hadisələrini bir çox cəhətdən izahını verib.