ŞUŞA, 25 may. TELEQRAF
"Təbiət bizimlə zarafat elədi, konsert zamanı yağış yağdı".
Teleqraf-ın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Cıdır düzündəki konsertinin güclü yağışa görə yarımçıq dayandırılmasının səbəblərini izah edərkən deyib.
O söyləyib ki, əslində konserti davam etdirə bilərdi, lakin musiqi alətlərinə ziyan dəyməsin deyə belə bir addım atıb:
"Mən oxuya bilərdim, amma Dövlət Simfonik Orkestrinin musiqiçiləri yağışın altında necə ifa etsinlər? Axı onların ifa etdikləri alətlər xarab olacaq. Mənsum İbrahimova təşəkkür edirəm ki, yağışa baxmayaraq mahnıları ifa etdi. Amma burda əsas problem orkestr məsələsidir. Alətlərin üzərinə yağış tökülsə onlar xarab olar. Ona görə konserti yarımçıq dayandırmağa məcbur olduq. Hesab edirəm ki, bu da yadda qalan xatirəyə çevriləcək".
.jpg)
P.Bülbüloğlu arzusunu da dilə gətirib: "İndi arzum budur ki, konsertin qalan hissəsini gələn il həmin bu səhnədə - Cıdır düzündə davam etdirək".
Xalq artisti 30 illik Şuşa nisgili ilə bağlı bunları deyib:
"30 il həmişə deyirdim ki, atam Bülbülün, böyük Üzeyirimizin, eləcə də böyük sənətkarlarımızın ruhu narahatdır. Çünki bu torpaqlar işğal altındaydı. Bilirsiniz ki, işğal zamanında mən bura 2 dəfə gəlmişəm. Buna görə bizə düşmən gözü ilə baxanlar da az deyildi, çox çətin anlar idi. Bu torpaqları işğal altında görmək, hiss etmək dözülməz idi.
Allaha çox şükür ki, çətinliklər arxada qaldı. Azərbaycan xalqı böyük qələbə çaldı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı və uzun ömür versin. Mən hörmətli Prezidentimizə, Ali Baş Komandanım İlham Əliyevə, xanımı Mehriban Əliyevaya dərin təşəkkür edirəm. Eləcə də Heydər Əliyev Fondunun işçilərinə… Bilirsiniz, belə bir festivalın təşkil olunması asan iş deyil. Amma buna baxmayaraq burada - Qarabağda Cıdır düzündə bu festival davam etdirilir, yaşayır.
.jpg)
İnanıram ki, festival bundan sonra da yaşayacaq.
1989-cu ildə biz bu festivalı həyata keçirməyə başlayanda da çox problemlərlə, çətinliklərlə qarşılaşdıq. Beynəlxalq festivalın keçirilməsi üçün Moskvadan SSRİ-nin mədəniyyət nazirindən icazə alınmalı idi. O icazəni aldıq və bilirsiniz ki, üç dəfə “Xarıbülbül” festivalını təşkil edə bildik. Festivalda müxtəlif ölkələrdən qonaqlar iştirak edirdi, hətta 1992-ci ildə festivalda 25 ölkədən 500-ə qədər qonaq olmalı idi. Amma səkkizindən doqquzuna keçən gecə Şuşa işğal olundu və mən and içdim ki, bu festival bir də biz Şuşaya qalib kimi qayıdandan sonra davam etdiriləcək. Allaha min şükür ki, elə də oldu.
Ona görə də, havanın şıltaqlığına yumorla yanaşıram. Bu da bir zarafatdır. Allahın işidir, əslində yağış bərəkətdir, su təmizlikdir. Yağışın yağması yaxşı haldır, amma konsert zamanı yox…”
.jpg)
.jpg)