BAKI, 13 mart. TELEQRAF

Tamilla Şirəliyevanın adı Azərbaycan mədəniyyətinə, balet sənətimizə qızıl hərflərlə yazılacaq.

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Təranə Muradova bu gün Təzə Pir məscidində keçirilən vida mərasimində deyib.

“Xoreoqrafiya sənəti üçün böyük itkidir. Biz peşəkar balerinanı, peşəkar müəllimi, çox gözəl insan olan Tamilla Şirəliyevanı son mənzilə yola salırıq. Tamilla xanım dünya şöhrətli balerina idi. Onun Opera və Balet Teatrının səhnəsində ifa etdiyi partiyalar hər kəs tərəfindən böyük maraq və alqışlarla qarşılanırdı. Bakı Xoreoqrafiya Məktəbindən bədii rəhbər olduğu dönəmdə neçə -neçə tələbələr yetişdirib. Onlar Tamilla xanımın adını daim yaşadacaqlar”, - T.Muradova bildirib.

Xatırladaq ki, balet ustası 79 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Azərbaycan SSR Xalq artisti Tamilla Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları ifa edib.

Tamilla Şirəliyeva 1977-ci ildən pedaqoji fəaliyyət göstərib. 1970-ci ildə Azərbaycan SSR əməkdar artist, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.