.jpg)
BAKI, 13 mart. TELEQRAF
Azərbaycanın görkəmli balet ustası, Azərbaycan SSR Xalq artisti Tamilla Şirəliyeva Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
Teleqraf xəbər verir ki, dəfndə mədəniyyət nazirinin müavini Murad Hüseynov, incəsənət nümayəndələri, balet ustasının dostları, yaxınları iştirak edib.
Xatırladaq ki, balet ustası dünən 79 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
***
11:43
Bu gün Təzə Pir məscidində Azərbaycanın görkəmli balet ustası, Azərbaycan SSR Xalq artisti Tamilla Şirəliyeva ilə vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, incəsənət nümayəndələri, balet ustasının dostları, yaxınları iştirak edir.
Xalq artisti Nailə Məmmədzadə bildirib ki, Tamilla Şirəliyevanın ölümü ilə Azərbaycan mədəniyyəti böyük itki yaşayır.
"Tamilla xanım 15 il Bakı Xoreoqrafiya Məktəbində bədii rəhbər vəzifəsində çalışıb. Həmçinin Opera və Balet Teatrının baletmeysteri olub. Mənim ürəyimdə isə o insanın ayrı yeri var. Allah rəhmət eləsin, ailəsinə isə böyük səbr diləyirəm".
Qeyd edək ki, Tamilla Şirəliyeva Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, balet ustası 79 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
O, 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları ifa edib.
Tamilla Şirəliyeva 1977-ci ildən pedaqoji fəaliyyət göstərib. 1970-ci ildə Azərbaycan SSR əməkdar artist, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.