BAKI, 17 dekabr. TELEQRAF

ABŞ astronomları “James Webb” teleskopu vasitəsilə mövcudluğu mümkün sayılmayan uzaq bir ekzoplanet aşkarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Interestingengineering” məlumat yayıb.

“Cəhənnəm planeti”nin kainatın digər yerlərində indiyədək müşahidə olunmayan bəzi xüsusiyyətləri astronomları təəccübləndirib. Kəşf yarana və təkamül edə bilən planetlərin növləri haqqında anlayışımızı dəyişdirə bilər.

PSR J2322-2650b adlı planet kütləsinə görə təxminən Yupiterə bərabərdir, amma tipik qaz nəhənginə az bənzəyir. Neytron ulduzunun (pulsar) ətrafında son dərəcə yaxın məsafədə dövr edir və güclü radiasiya və cazibə qüvvəsinə məruz qalır. Bu qüvvələr planetin formasını deformasiyaya uğradaraq ona limonu xatırladan bir görkəm verir.

Amma alimləri heyrətləndirən onun atmosferidir. Su buxarı və ya metan kimi adi birləşmələr əvəzinə “James Webb” orada digər planetlərdə əvvəllər görünməmiş ekzotik kimyəvi quruluş olan helium və karbon qarışığı aşkar edib.

Kəşf daha mühüm bir sual doğurur: belə bir planet necə yaranıb?

“Bu qədər karbonla zəngin tərkibin necə əmələ gəldiyini təsəvvür etmək çox çətindir. Bu, məlum olan bütün formalaşma mexanizmlərini istisna edirmiş kimi görünür”, - Çikaqo Universitetindən, tədqiqatın rəhbəri Maykl Çan deyib.

Sistem neytron ulduzunun daha kiçik pulsardan tədricən maddə çəkib aldığı nadir “qara dul” cütlüklərini xatırladır. Amma bu izah da inandırıcı deyil.

“Bu planet adi şəkildə formalaşıb? Xeyr, çünki tərkibi tamamilə fərqlidir. Bəs o, adi “qara dul” sistemlərində olduğu kimi, ulduzun xarici qabğının soyulması nəticəsində yaranıb? Yəqin ki, yox, çünki nüvə fizikası saf karbon yaratmır”, - Çan vurğulayıb.

Stenford Universitetindən Rocer Romani isə burada qeyri-adi bir prosesin baş verə biləcəyini irəli sürür: “Saf karbon kristalları səthə qalxır və heliumla qarışır. Amma sonra oksigen və azotun nüfuz etməsinin qarşısını alan hansısa mexanizm işə düşməlidir”.

Hələlik planet kosmik sirr olaraq qalır.