BAKI, 14 iyul. TELEQRAF

İngiltərədə iki ata məktəblərdə smartfonlardan istifadənin tam qadağan edilməsi tələbi ilə hökuməti məhkəməyə verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Valideynlər təhsil nazirinə ünvanladıqları məktubda iddia edirlər ki, smartfonlardan istifadəyə dair qərarların məktəb direktorlarının ixtiyarına verilməsi qanunsuzdur və uşaqlar üçün təhlükəlidir.

İndi Təhsil Nazirliyinin məktuba rəsmi cavab verməsi üçün 14 gün vaxtı var, bundan sonra iddiaçılar hüquqi prosesə başlaya bilərlər.

İngiltərə qanunlarına görə, məktəblər telefonlardan istifadəni qadağan etmək hüququna malikdir.

İngiltərədəki məktəblərin 90%-nin şagirdlərə mobil telefondan istifadəni qadağan etdiyi məlum olub.

Sorğunun nəticələrinə görə, orta məktəblərin 79%-i şagirdlərə telefonlarını saxlamağa icazə verir, lakin onlardan istifadə edilməsini qadağan edir. Məktəblərin 8%-i telefonların təhvil verilməsini tələb edir, 3%-i isə şagirdlərin onları məktəbə gətirməsini ümumiyyətlə qadağan edir.

Bildirilir ki, şagirdlər bir sıra hallarda telefonlardan seksual məqsədlər üçün istifadə edir, zərərli və pornoqrafik məzmunlu videolara baxırlar.