Müğənni Aytac Vidadiqızı yeni fotosessiyasını və mahnısını təqdim edib.

O, Teleqraf.com-a “Bu şəhərdən get” adlı lirik mahnı ifa etdiyini deyib: “Sözlər çox təsirlidir. hər şeyə qısqandığından ayrılıq zamanı onunla nəinki eyni şəhərdə, eyni dünyada belə yaşamaq istəmir. Həyatından çıxıb getmədiyi təqdirdə, onu ölümlə belə hədələyir. Bu sözlər, ideya məni özünə cəzb etdi. İnanıram ki, sevən hər kəs bu mahnıda özündən bir parça tapa biləcək”.

Aytac Vidadiqızı toy öncəsi lirik mahnı oxuduğuna görə onu qınayanların da olduğunu bildirib: “Mənim heç bir mahnım həyatımı əks etdirmir. Mən həyatımda yaşanan hadisələrə mahnı həsr edən müğənnilərdən deyiləm. Mənim üçün əsas mahnının sözləri və musiqisi gözəl, düşündürücü və təsirli olsun. Həyatımda yaşananlara mahnı oxusam, gərək ayda bir albom buraxım”.

Yeni mahnısından təsirlənən Aytac Vidadiqızı mahnının ab-havasına uyğun tam fərqli obrazında yeni fotosessiya da etdirib: “Fotolarda aktrisalıq qabiliyyətimi də qabartmaq istədim. Fotoqraf nə qədər peşəkar olsa da, əsas obrazı canlandıran şəxsdir. İstədim ki, bu fotosessiyada sevgidən iztirab çəkən xanımı canlandıra bilim. Bu işdə fotoqraf Niko Abbasova da təşəkkür edirəm”.

Qeyd edək ki, müğənninin ifa etdiyi “Bu şəhərdən get” adlı mahnının sözləri Aqil Əsədova, musiqisi isə Arif Səlimova, aranjemanı isə Rabil Səfərliyə məxsusdur.

Rəqsanə