BAKI, 24 noyabr. TELEQRAF

Mərkəzi Bank sektorla birlikdə süni intellektin idarə olunmasına dair metodoloji rəhbərlik hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Data Elmi bölməsinin rəhbəri Ramin Dərvişov X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.

Onun sözlərinə görə, burada əsas yanaşma ilkin mərhələdə tövsiyə xarakteri daşıyır:

“Lakin bu sənəd gələcəkdə tətbiq olunacaq qaydalara keçid xarakteri daşıyır. Bu baxımdan, dərc olunacaq tövsiyələrə ilkin mərhələdə tövsiyə xarakterli sənəd kimi yanaşıb onları kənara qoymamaq məsləhət görülür. Çünki bu tövsiyələr nəzarətedici qurum tərəfindən hazırlanıb və gələcəkdə qaydalara keçid zamanı onların indidən tətbiq olunması müsbət nəticələr verə bilər.

Həmin metodoloji rəhbərlikdə Mərkəzi Bankın yanaşması risk əsaslıdır. Yəni maliyyə sektoru iştirakçısının ölçüsündən və səviyyəsindən asılı olmayaraq, onun tətbiq etdiyi süni intellektdən istifadə halının hansı risk səviyyəsinə uyğun olmasına əsasən tövsiyələr və əməl etməli olduğu qaydalar öz əksini tapacaq”.

R.Dərvişov əlavə edib ki, Mərkəzi Bank nəzarətedici orqan olaraq sektorda sərt qanunlar, qaydalar və tövsiyələr tətbiq etmək niyyətində deyil:

“Təbii ki, biz də sektorun inkişafında maraqlıyıq. Lakin idarə olunmayan risklər gələcəkdə daha böyük problemlərə səbəb ola bilər. Buna görə də balansı qorumalıyıq. Həm inkişafı dəstəkləməli, həm də bununla paralel olaraq gələcəkdə üzə çıxa biləcək risklərin idarə olunmasına dair qaydalar və tövsiyələr hazırlamalıyıq”.