BAKI, 11 iyul. TELEQRAF

Mərkəzi Bank banklar tərəfindən buraxılmış ödəniş kartları üzrə beynəlxalq standartlara uyğun şəkildə təhlükəsizlik tələblərinə riayət edilməsi istiqamətində normativ-hüquqi baza formalaşdırıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Bankın sədrinin müşaviri Akif Bağırov deyib.

O bildirib ki, bu hüquqi bazanın tələblərinə uyğunluğun təmin olunması daima diqqət mərkəzində saxlanılır:

Ödəniş kartları üzrə həssas məlumatlar birbaşa kart sahibləri tərəfindən fırıldaqçılara təqdim edilir

Akif Bağırov deyib ki, rəqəmsal fırıldaqçılığa qarşı mübarizə istiqamətində əlaqələndirilmiş tədbirlərin təmin olunması və qarşılıqlı kommunikasiyanın dərinləşdirilməsi məqsədilə ödəniş xidməti təhcizatçılarının, Mərkəzi Bankın və səlahiyyətli dövlət orqanlarının təmsil olunduğu xüsusi işçi qrupu fəaliyyət göstərir:

"Tərəflər arasında davamlı informasiya mübadiləsinin aparılması, əldə olunan məlumatların operativ təhlili təmin edilir. Təəssüf ki, müşahidə edilən fırıldaqçılıq halları ödəniş kartları üzrə həssas məlumatların birbaşa kart sahibləri tərəfindən fırıldaqçılara təqdim edilməsi nəticəsində baş verir. Sözügedən problem isə ödəniş kartı istifadəçilərinin təhlükəsizlik qaydaları haqda yetərli məlumata sahib olmamasından irəli gəlir”.

"Mobil cihazlarda casusluq funksiyasını yerinə yetirən zərərverici mobil tətbiqlərin yüklənilməməlidir"

Akif Bağırov qeyd edib ki, rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması məqsədilə Mərkəzi Bank tərəfindən bank sektoru və assosiasiyalarla birgə davamlı olaraq əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Rəqəmsal ödənişlər sahəsində maliyyə savadlılığına dair Fəaliyyət Planı"na müvafiq olaraq ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanıb. Bu materialların Mərkəzi Bankın, eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlanması təmin olunub.

“Biz bir daha vətəndaşları müxtəlif kommunikasiya kanalları üzərindən onlara edilən şübhəli sorğulara və cəlbedici görünən təkliflərə qarşı daha diqqətli olmağa, mobil cihazlarda casusluq funksiyasını yerinə yetirən zərərverici mobil tətbiqlərin yüklənilməsindən çəkinməyə, daha çətin təxmin olunan şifrlərdən istifadə etməyə çağırırıq. Bank kartı nömrəsi və digər vacib məlumatlar telefon və ya mətn mesajları vasitəsilə üçüncü şəxslərə təqdim edilməməlidir. Kart məlumatlarını istəyən internet səhifələrinin etibarlılığından əmin olunmalıdır”.