BAKI, 27 may. TELEQRAF

2024-cü ilin dövlət büdcəsinin mədaxili 15 mənbə üzrə artıqlaması ilə, 4 mənbə üzrə kəsir, 3 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Dövlət büdcəsinin gəlirlərinin kəsirlə yerinə yetirildiyi mənbələr hüquqi şəxslərin əmlak vergisi, dövlət rüsumu, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar olub.

Dövlət büdcəsinə hüquqi şəxslərin əmlak vergisindən gəlirlərinin proqnozlaşdırılmış məbləği 364,7 milyon manat, icrası isə 338,5 milyon manat səviyyəsində olub. Mənbə üzrə kəsir 7.2% olub.

Dövlət rüsumu üzrə - proqnoz 359 milyon manat, icra səviyyəsi 305 milyon manat, kəsir 15%,

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə – proqnoz 831 milyon manat, icra səviyyəsi 547,9 milyon manat, kəsir 34.1%,

Ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə isə proqnozlaşdırılan məbləğ 209 milyon manat, icra səviyyəsi 112,1 milyon manat, kəsir isə 46.4% olub.