BAKI, 20 mart. TELEQRAF

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal borc bazarlarının çətin perspektivlə üzləşdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, OECD 2025-ci il üzrə Qlobal Borc Hesabatına görə, 2022-ci ilə qədər aşağı faiz dərəcəsi dinamikası yerini 2024-cü ildə yüksək faiz dərəcəsi dövrünə verib.

Sənədə əsasən mərkəzi banklar siyasət faizlərini azaltmağa başlasalar da, bir çox ölkədə istiqrazların gəlirliliyi yüksəlib, şirkətlərin borc öhdəlikləri artıb. İnvestisiya ehtiyaclarının hər zamankindan daha çox olduğu bir vaxtda yüksək xərclərlər ölkələrin gələcəkdə borclanma qabiliyyətini məhdudlaşdırmaq riskini yaradıb.

Hesabata görə, hökumətlər və şirkətlər 2024-cü ildə 25 trilyon dollar borc götürüblər. Bu məbləğ 2007-ci ildəki borclanma səviyyəsindən demək olar ki, üç dəfə çoxdur.

Bu artım əsasən 2008-ci il maliyyə böhranının və Covid-19 pandemiyasının təsirlərini əks etdirir. Eyni zamanda borc bazarları vasitəsilə maliyyələşdirilən böyük fiskal dəstək paketləri daha dərin iqtisadi tənəzzüllərin qarşısını almağa kömək edib. Şirkətlər daha çox istiqraz bazarlarına etibar etməyə başladıqca, 2024-cü ildə dövlət və korporativ istiqraz borcları qlobal miqyasda 100 trilyon dolları ötüb. 2023-cü ildə 14 trilyon dollar olan dövlət istiqrazlarının emissiyası 2024-cü ildə 16 trilyon dollara çatıb. Bu məbləğin 2025-cü ildə 17 trilyon dollara yüksələcəyi və rekord qıracağı proqnozlaşdırılır.

Sənəddə o da qeyd edilir ki, inkişaf etməkdə olan ölkələrdə borclanma səviyyəsi kəskin artıb. Bu rəqəm 2007-ci ildəki bir trilyon dollardan 2024-cü ildə 3 trilyon dollara çatıb.

İnkişaf etməkdə olan ölkələrin borc səviyyəsi də 2007-ci ildəki 4 trilyon dollardan 2024-cü ildə 12 trilyon dollara yüksəlib.