BAKI, 27 may. TELEQRAF

ABŞ hakimiyyəti Ebola virusuna yoluxmuş və ya yoluxma riski yüksək olan vətəndaşlar üçün Keniyada yeni tibb müəssisəsi yaratmağı və orada işləmək üçün həkimlər göndərməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, layihənin həyata keçirilməsi üçün Keniya hakimiyyət orqanlarının təsdiqi gözlənilir.

Müəssisənin əsasən Ebola virusuna yoluxmuş və ya yoluxmuş şəxslərlə təmasda olmuş, yüksək risk qrupuna daxil olan ABŞ vətəndaşları üçün nəzərdə tutulduğu qeyd edilir. Mərkəzin həmçinin Konqo Demokratik Respublikasında baş verən mümkün yoluxmalardan sonra karantinə ehtiyacı olan şəxslər üçün istifadə olunacağı bildirilir.

Qeyd olunub ki, Konqoda hələlik yeni yoluxma halları qeydə alınmasa da, riskli qruplar üçün preventiv tədbirlər planlaşdırılır.

Nəşr yazır ki, Vaşinqton əvvəlki epidemiyalar zamanı yoluxmuş vətəndaşları müalicə üçün Amerikaya geri gətirsə də, hazırda bəzi hallarda onların xarici ölkələrdə müalicə və müşahidə olunması variantını nəzərdən keçirir.

Məlumata görə, oxşar bir hadisədə Ebola xəstəsi olan ABŞ vətəndaşı Uqandadan Almaniyaya təxliyə edilərək müalicə olunub.