BAKI, 27 may. TELEQRAF
Bu gün Qurban bayramıdır, sabah Müstəqillik Günümüzdür. Allah-Təala bizə bu gözəl günləri qardaşlıq, birlik və mərhəmət bayramı kimi yaşamağı nəsib edib.
Teleqraf xəbər verir ki, bu sözləri Təzəpir məscidində jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin səsi və sözü dünyada qəbul olunur, ölkəmizin mövqeyi möhkəmlənir.
"Bizi Müstəqillik Günü münasibətlə bir çox dövlət rəhbərləri təbrik edib. Elə dövrlər olub ki, heç kim bu qapını açmırdı. Amma bu gün vəziyyət dəyişib.
Dua edirik ki, Allah dövlətimizi qorusun, bu dövlət uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin. Din xadimləri və dindarlar olaraq elə davranmalıyıq ki, öz əməllərimizlə dövlətimizə dəstək olaq.
Allahdan diləyirik ki, bizə bir daha müharibə göstərməsin. Biz müharibənin acısını görmüşük. Arzu edirəm ki, dünyada baş verən müharibələr, qan tökülməsi dayansın, uşaqların öldürülməsi, insanların əziyyət çəkməsi sona çatsın. Dünyada sülh və əmin-amanlıq bərpa olunsun. Allah hər kəsə firavan və təhlükəsiz həyat nəsib etsin”, - o əlavə edib.