BAKI, 1 oktyabr. TELEQRAF

Bir aydan az müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulan Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xətti Avropa ilə Asiya arasında yeni, yüksək tutumlu bağlantı yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

Nazir xatırladıb ki, Azərbaycan 2025-ci ilin noyabrında Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısına çevrilib:

“Azərbaycan bununla Mərkəzi Asiyadan kənar ilk ölkə olaraq bu formatda iştirak etdi.

Bundan bir neçə gün əvvəl Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın ticarət və investisiya nazirləri ilk dəfə bu formatda görüşüblər.

Məqsədimiz regionda ticarətin həcmini 20 milyard dollara çatdırmaq və “Made in Central Asia” (“Mərkəzi Asiyada istehsal olunub”) brendi altında birgə istehsal yaratmaqdır.

İqtisadi və maliyyə sahəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq. Bu fondlar bir neçə orta ölçülü bazarı vahid investisiya portfelində birləşdirir.

Bu fondların hər birində Azərbaycanın payı ən azı 50 faizdir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya bir tərəfdən Türkiyə və daha sonra Avropa, digər tərəfdən isə Asiya ilə əlaqələndirilən vahid iqtisadi məkan formalaşdırır”.

M. Cabbarov əıavə edib ki, regional inteqrasiyanın növbəti mərhələsi malların sərhədlərdən keçirilməsindən daha geniş olmalıdır:

“Biz getdikcə daha çox birgə istehsala diqqət yetirməli, iqtisadiyyatlarımızın bir-birini tamamlayan üstünlüklərə malik olduğu sahələrdə regional dəyər zəncirləri yaratmalıyıq.

Bəli, əsas şirkətlərimiz və maliyyə institutlarımız artıq bir-birinin bazarlarında fəaliyyət göstərir və təmsil olunur.

Biz hesab edirik ki, etimad imzalarla deyil, görülən işlərlə ölçülür”.