BAKI, 1 oktyabr. TELEQRAF
Dezinformasiyanın geniş yayılması və süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində qeyd olunub.
Dünyanın mürəkkəb bir dövr yaşadığını bildirən dövlət başçısı rəqəmsal platformaların roluna toxunub:
"Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri yüksəldir".
Prezident vurğulayıb ki, dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir.