BAKI, 13 avqust. TELEQRAF

“İran Hörmüz boğazında və regionda öz tələblərinə nail olacaq”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın müavini Məcid Ənsari yerli mediaya deyib.

“İran İslam Respublikası elə bir mərhələyə yaxınlaşıb ki, xarici qüvvələrin iştirakı və müdaxiləsi olmadan qonşu ölkələrlə birlikdə regionun təhlükəsizliyini təmin edə biləcək”, - o bildirib.

Ənsari İran daxilindəki duruma da diqqət çəkib: “Əgər ölkə daxilində gərginlik yaratmağa çalışan şəxslər düşmənlərin əlində alət kimi çıxış edirlərsə, təhlükəsizlik, kəşfiyyat və məhkəmə orqanları onlarla bağlı tədbir görəcəklər”.

Pezeşkianın müavini iddia edib ki, bəzi qruplar İran rəsmilərini tənqid edərkən qarışıqlıq yaratmaq, təbliğat aparmaq, təhqir, böhtan və ictimai asayişi pozmaq həddinə çatıblar:

“Dini Məhkəmə və bəzi digər qurumlara şikayət etmişik və gedişatı izləyəcəyik”.

ABŞ ilə danışıqlara yönəlik tənqidlərə cavab verən Ənsari söyləyib ki, müharibə və danışıqlar bir-birini tamamlayır.