BAKI, 13 avqust. TELEQRAF

Aparılan araşdırma və əldə olunan statistik göstəricilərə görə, Azərbaycanda insan alveri ilə mübarizədə aşkarlanma halları artsa da, cinayətkarların üsulları da getdikcə mürəkkəbləşir.

Ötən il ölkədə 198 insan alveri cinayəti qeydə alınıb. Onlardan 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərin qanunsuz dövriyyəsi, digərləri isə fərqli istismar növləri ilə bağlı olub.

Xarici ölkələrdə əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirliklərində və Pakistanda cinsi istismara məruz qalan 46 Azərbaycan vətəndaşı (qadınlar) rəsmi olaraq qurban kimi müəyyən edilib və reabilitasiya prosesinə cəlb olunub.

Ən təhlükəli müasir tendensiya isə kiberməkan və sosial şəbəkələrdir. Belə ki, qeydə alınan cinayətlərin 57-si birbaşa informasiya texnologiyalarından istifadə edilməklə törədilib. İnsan alverçiləri artıq qurbanları real həyatda deyil, onlayn platformalarda saxta və cəlbedici xaricdə iş elanları vasitəsilə tələyə salırlar.

Məhz bu cür qlobal dəyişikliklərə və kibertəhlükələrə cavab olaraq, Azərbaycanda 2026–2030-cu illəri əhatə edən yeni 5 illik Milli Fəaliyyət Planı təsdiq edilib. Bu plan çərçivəsində onlayn məkana köçən gizli transmilli şəbəkələrin aşkarlanması və risk qruplarının qorunması üçün dövlət orqanları ilə yanaşı, QHT-lərin də sosial media üzərindən maarifləndirmə fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur.

Hazırda isə hər il ölkədə təxminən 90-100 nəfər insan alveri qurbanı aşkarlanır. Bəs bu rəqəmlər real mənzərəni tam əks etdirirmi? Hüquqi status ala bilməyən "potensial qurbanların" sayı rəsmi qurbanların sayından nə qədər çoxdur? Bu sahədə hansı işlər görülür və nə çatışmır?

Mövzu ilə bağlı Teleqraf-ın suallarını cavablandıran deputat Aydın Mirzəzadə müasir dünyanın bu qlobal təhlükəsini şərh edərək bildirib ki, insan alveri daha çox qadın və uşaqların aldadılması, işgəncəyə məruz qalması, qul edilməsi və qanunsuz işlərə cəlb olunması kimi hallarla müşayiət olunur.

“Bu cür hallara az da olsa, Azərbaycanda da rast gəlinir. Xüsusilə bəzi qadınlar şirnikləndirici təkliflərlə xaricə aparılaraq cinsi istismara məruz qalırlar. Hələ də bəzi vətəndaşlarımızın bu addımın sonrakı faciəvi nəticələrindən xəbərsiz olması göstərir ki, maarifləndirmə ilə cəmiyyətin bütün üzvlərinə çata bilməmişik. Doğrudur, ailə, məktəb tərbiyəsi və aparılan geniş təbliğat bir çox təhlükələrin qarşısını alır. Lakin bu, cəmiyyətin arxayınlaşması üçün əsas verməməlidir”.

Deputat bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb:

“Xüsusilə media vasitəsilə aparılan təbliğatda qadın cəmiyyətləri və qeyri-hökumət təşkilatları gənc qızlar, eləcə də həssas təbəqələr arasında işi gücləndirməlidir. Görülən tədbirlər sayəsində problemin miqyası ildən-ilə azalır. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (red: daxili işlər nazirinin müavini) ildə bir dəfə Milli Məclis qarşısında hesabat verir, deputatların suallarını cavablandırır və bu proses cəmiyyətə açıq şəkildə çatdırılır. Qanunvericiliyimiz kifayət qədər qabaqlayıcı və sərtdir. Ehtiyac yarandıqca, ortaya çıxan yeni çağırışların qarşısını almaq üçün qanunlara vaxtaşırı dəyişikliklər edilir”.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının rəhbəri Mehriban Zeynalova bildirib ki, yeni qurban axtarışında olan insan alveri ilə məşğul olanlar dayanmadan yeni yollar axtarırlar.

Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə haqqında qanun və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar daha çox qurbanyönümlüdür:

“Yəni qurbanın müəyyən edilməsi, onun reabilitasiyası, reinteqrasiyası ilə bağlı kifayət qədər xidmət paketləri mövcuddur. Sonrakı mərhələdə də monitorinqlər həyata keçirilir. Bunun üçün müvafiq qurumlar var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində İnsan alveri qurbanlarına yardım mərkəzi, İnsan alveri qurbanlarına kömək Fondu, eləcə də sığınacaqlar fəaliyyət göstərir. Həmçinin QHT-lərin resurslarından kifayət qədər istifadə edilir. Qurbanlar düşünmə və ya reinteqrasiya dövründə QHT-lərin sığınacaqlarına istiqamətləndirilirlər. Qanunlar və konvensiyalar yalnız cinayətkarlığın qarşısının alınmasına deyil, ilk növbədə qurbanın hüquqlarının müdafiəsinə, onun reabilitasiyasına və reinteqrasiyasına yönəlib. Azərbaycan qanunvericiliyi bu baxımdan daha çox qurbanyönümlü və gender həssaslığına malikdir.və bu sahədə ixtisaslaşmış şəxslər isə öz peşəkarlıqlarını daim təkmilləşdirirlər".

İnsan alveri qurbanları üçün hansı dəstək mexanizmləri var?

Mehriban Zeynalova bildirib ki, heç bir ölkədə yüz faiz bütün qurbanların xidmətlərlə əhatə olunduğunu demək olmaz, çünki burada şəxsin özünün də həmin sistemdə qalmaq və ya davam etdirmək istəyi önəmli şərtlərdən biridir. Onun sözlərinə görə, əksər vaxtlarda qurbanlar məxfiliyin qorunmasını istədiklərindən altşüurda gizliliyin pozulacağını düşünərək qorxu yaşayırlar və bu səbəbdən ilkin mərhələdə psixoloqlar onlarla daha çox iş görməlidir.

Koalisiya sədri ölkədaxili insan alveri qurbanlarına göstərilən xidmət və ya yanaşmanın xaricə aparılan qurbanlara göstəriləndən fərqlənmədiyini vurğulayaraq mövcud dəstək mexanizmlərindən və xidmətlərdən danışıb:

"Məhkəmə proseslərində müdafiənin təşkili üçün Vəkillər Kollegiyası tərəfindən qurbanlara pulsuz vəkillər ayrılır, digər inzibati problemlərdə isə QHT-lərin hüquqşünasları köməklik göstərirlər. Prosesə yenicə cəlb olunan və ya üzərində danışıqlar aparılan ehtimal edilən qurbanlar müraciət etdikləri an xidmətdən kənarda qalmır və dərhal müvafiq QHT sığınacaqlarına istiqamətləndirilirlər. Zərərçəkmiş şəxslərin normal həyata qayıtması məqsədilə onların iş yeri və peşə hazırlığı məsələsi ilə bağlı konkret tədbirlər həyata keçirilir".

O, insan alveri ilə mübarizə aparmaq üçün onun fəsadlarını və şəxsin keçirdiyi hissləri yaxşı bilməliyin vacibliyinə toxunub: "Qurbana yanaşma tərzini, sual vermək qaydalarını bilməli, eyni zamanda inandırmağı və onun etimadını qazanmağı bacarmalısan. Çünki bu insanlar aldadılmış və istismar olunmuş şəxslərdir. Qarşı tərəf onların beynini yuyub, onlara müxtəlif qorxular aşılayıb. Bu baxımdan onlarla mütləq şəkildə mütəxəssislər işləməlidir. QHT Koalisiyasında da kifayət qədər belə mütəxəssis var. Biz bu rəqəmsal elanları paylayırıq ki, belə şəxslər məhz Koalisiyaya daxil olan QHT-lərə müraciət etsinlər”.

Potensial qurbanlar kimlərdir?

Məişət zorakılığı zəminində müraciətlərin kifayət qədər çox olduğunu bildirən Mehriban Zeynalova bu problemin insan alverinə aparan bir yol ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən həmin şəxslərə də eyni yardım paketləri tətbiq edilir, istiqamətləndirmə və sonrakı taleyi ilə maraqlanma işləri həyata keçirilir. Ailə münasibətlərinin bəzən məsələnin yarımçıq qalmasına və ya barışıqla nəticələnməsinə təsir etdiyini qeyd edən birlik sədri yerli icmaların roluna toxunub: “Təkcə dövlət, QHT-lər deyil, eyni zamanda yerli icmalar da bu sahədə ciddi şəkildə hazırlıqlı olmalı, stereotiplərlə deyil, qanunla işləməyi öyrənməlidirlər. Məişət zorakılığına gəldikdə, həmin qurbanların hamısını potensial insan alveri qurbanı kimi ehtimal etmək olar. Vəziyyətin nə dərəcədə ciddi olduğunu özünüz təsəvvür edin”.

Mehriban Zeynalova həssas qruplardan sui-istifadə edildiyini və rəqəmsal məkanda insanları cəlb etmək üçün saxta üsulların artdığını xəbərdar edib. Təşkilat olaraq bu prosesi daim nəzarətdə saxladıqlarını bildirən ekspert rəqəmsal təhlükələrin miqyasından danışıb: “Rəqəmsal aləmdə saxta iş elanları, saxta təhsil proqramları, saxta evlilik təklifləri, hətta surroqat ana olmaqla bağlı saxta elanlar mövcuddur. Biz bunları monitorinq edirik, siyahılarını hazırlayırıq, sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə təqdim edirik. Öz tərəfimizdən lazımi araşdırmaları aparırıq, siqnalı veririk. Bütün bunları diqqətimizdə saxlayırıq və mübarizəni davam etdiririk”.

Qurbanlar susur və "görünməyən dalğa" ilə mübarizə...

Hazırkı rəqəmsal dünyada qurbanların dəqiq sayının bilinməsinin qeyri-mümkün olduğunu və yüz faiz aşkarlanma ilə bağlı real bir rəqəm deməyin çətinliyini vurğulayan Mehriban Zeynalova bunun psixoloji səbəblərini izah edib. Onun sözlərinə görə, bəzi qurbanlar istismardan sonra gizlənir, bəziləri isə insan alverçisinin hədələrindən qorxurlar: “Bəzi hallarda əmək istismarı qurbanı olan kişilər bunu stereotiplərlə bağlayırlar, müraciət etməkdən çəkinir və bunun öz günahları olduğunu düşünürlər. O cümlədən, ölkədaxili istismar hallarında ola bilər ki, yaxın qohumları tərəfindən istismar edilənlər bunu insan alveri kimi yox, sadəcə aldadılma kimi qiymətləndirsinlər. Bütün qurbanları eyni vaxtda aşkar etmək çətindir, lakin zaman keçdikcə onlar özləri müraciət edirlər”.

Birlik sədri artıq sistemli şəkildə fəaliyyət göstərən müraciət qaydalarının olmasını və vətəndaşların birbaşa İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsini müsbət hal kimi dəyərləndirib. Əvvəlki illərlə müqayisədə aşkarlama mexanizminin daha da təkmilləşdiyini bildirən ekspert, 116-111 Qaynar xəttinə və QHT-lərə gələn bütün şübhəli müraciətlərin dərhal İdarəyə ötürüldüyünü qeyd edib.

Mövcud vəziyyəti daha da yaxşılaşdırmaq üçün rəqəmsal dünyadakı yeni tendensiyalara diqqət çəkən M. Zeynalova həm QHT-lərin, həm də bu sahədə çalışan mütəxəssislərin daim öz üzərilərində işləmələrinin vacibliyini xatırladıb: “Çünki bu, görünməyən bir dalğadır və çətin aşkarlanan mərhələdir. QHT-lərin də bu sahədə ixtisaslaşması və daim təkmilləşməsi lazımdır. Elə bir mövzudur ki, dayanmaq olmaz. Bu, transmilli və beynəlxalq bir cinayətdir, buna görə hansı ölkədə baş verməsindən asılı olmayaraq, dəyişikliklər baş verdikdə tendensiyalara qarşı dərhal cavab tədbirləri hazırlanmalıdır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli isə bildirib ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fasiləsiz fəaliyyət göstərən “152“ qaynar xəttinə bu mövzuda daxil olan hər bir zəng konfidensiallıq təmin edilməklə araşdırılır.

Xüsusilə yetkinlik yaşına çatmayanların müdafiəsinin diqqət mərkəzində olduğunu deyən xidmət rəsmisi bu istiqamətdə görülən işləri sadalayıb: "15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi, onların ictimai mənəviyyata zidd əməllərə sövq olunması, azyaşlıların küçə həyatına və dilənçiliyə məruz qalması, habelə erkən evliliyə məcbur edilməsi kimi qanunazidd hallara qarşı ciddi nəzarət tədbirləri görülür".