BAKI, 13 avqust. TELEQRAF

İkinci ixtisas qrupunda dövlət sifarişli, yəni ödənişsiz yerlər ümumi plan yerlərinin təxminən 25 faizini təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı məlumat verib.

DİM sədri bu qrup üzrə həm plan yerlərinin vəziyyətini, həm də abituriyentlərin şanslarını belə şərh edib:

"Hazırda ikinci qrup üzrə ümumi plan yerlərinin sayı 16 min civarındadır. İmtahanların nəticələrinə əsasən, 200-dən yuxarı bal toplayan abituriyentlərin sayı 7 mindən çoxdur. Bununla yanaşı, 150 baldan yuxarı nəticə göstərən şəxslərin də sayı kifayət qədərdir. 150-200 bal arasında olan keçid balları ötən ilki kimi olacaq. İkinci qrupun abituriyentləri ən şanslı abituriyentlərdəndir. Düzgün seçim etsələr, onlar hamısı qəbul olacaqlar. Bu rəqəmlər o deməkdir ki, builki müsabiqədə subbakalavrlara da kifayət qədər boş yer qalacaq".