BAKI, 29 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4 dəfə, pambıq iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50%, alüminium və ondan hazırlanan məmulatlar 40,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 30,1%, pambıq lifi 26,3%, meyvə-tərəvəz 18,9%, çay 19,4%, spirtli və spirtsiz içkilər isə 2,9% artıb.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.

Cari ilin birinci yarısında aqrar məhsullar üzrə ixrac 23,9% artaraq 563,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 35,3% artaraq 195,9 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,6% artaraq 759,8 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (202,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (163,8 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (135,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat (44 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (34,5 milyon ABŞ dolları) ikinci, çiyələk (29,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.