BAKI, 29 iyul. TELEQRAF
"Azərbaycanda fəaliyyətinə son qoyulmuş iranmeylli dini şəbəkənin Almaniyada yaşayan nümayəndələri bu ölkənin Xarici İşlər Nazirliyində qəbul ediliblər. Maraqlıdır ki, Almaniya təkcə Azərbaycanı hədəf götürmüş xəyanətkarları deyil, həm də İranın təsiri altında olan və bu ölkənin xüsusi xidmət orqanlarının nəzarəti və göstərişləri ilə hərəkət edən dini şəbəkənin nümayəndələrinə orada yaşamaq, fəaliyyət göstərmək imkanı yaradır. Sözsüz ki, bu heç də birmənalı yanaşmanın təzahürü deyil".
Teleqraf xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycan öz suverenliyini, milli maraqlarını, daxili təhlükəsizliyini yüksək səviyyədə qoruyan ölkələrdən biridir:
“Bizim üçün əsas məsələ müstəqilliyimizə heç nəyin xələl gətirməməsi və vətəndaşlarımızın təhlükəsiz yaşaması, rifahının yüksək olmasıdır. Bu istiqamətdə də addımlar atılır. Çox təəssüf ki, bəzən Azərbaycanın bir çox hallarda sərt reaksiya göstərdiyi təşkilatlar və şəxslərə qarşı xarici ölkələrdə diqqət edilir, onlara şərait yaradılır”.
Deputat bildirib ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri baş tutdu:

“Həmin səfərdə Azərbaycanla Almaniya arasında strateji əməkdaşlıq barədə çox mühüm bir saziş imzalandı. Bu saziş adətən bir-birinə çox yaxın olan və yaxud çox yaxın olmaq istəyini bildirən ölkələr arasında bağlanır. Həmin sazişin bir sıra bəndlərində siyasi, təhlükəsizlik məsələləri də öz əksini tapıb”.
Aydın Mirzəzadə hesab edir ki, Almaniyanın müvafiq orqanları bundan sonra Azərbaycanla bağlanmış bu sazişdə hər iki tərəfin öhdəliklərinə ciddi riayət edilməsinə çalışmalıdır:
“Sözsüz ki, Azərbaycanda heç kəsin Almaniyanın daxili işlərinə qarışmaq istəyi və addımı yoxdur. Yəqin ki, Azərbaycan tərəfi bundan sonra həmin saziş çərçivəsində ikitərəfli görüşlərdə də bu məsələləri Almaniya tərəfinin diqqətinə çatdıracaq”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov də hesab edir ki, Almaniyanın dini radikallara bu qədər maraqla qucaq açması heç də bimənalı şəkildə izah edilə bilməz:
“Çünki vaxtilə “Müsəlman Qardaşları Hərəkatı” adlanan şəbəkənin Azərbaycanda “Hizbullah"ın bir qanadı kimi fəaliyyətinin təmin edilməsi istiqamətində iş aparılırdı. Bu şəbəkə terror vasitəsilə Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirmək və şəriət dövləti qurmağı planlaşdırmışdı. Lakin müvafiq orqanların ayıq-sayıqlığı və zamanında görülmüş tədbirlər nəticəsində bu planlar iflasa uğradı, şəbəkə dağıdıldı və fəaliyyətinə son qoyuldu.
İndi bu şəbəkənin xaricdəki tör-töküntüləri Avropa ölkələrinin rəsmi instansiyalarını qapı-qapı gəzərək Azərbaycanda guya dini azadlıqların pozulması ilə bağlı rəy formalaşdırmaq istəyirlər. Əslində isə məqsəd həmin ölkələrdə fəaliyyətlərini legitimləşdirmək, genişləndirmək və təsir imkanlarını artırmaqdır.

Maraqlısı isə odur ki, nəyə görə Almaniya hökuməti İran xüsusi xidmət orqanlarının nəzarətində olan bu şəbəkəyə qucaq açır, onlar Xarici İşlər Nazirliyində qəbul olunur və dinlənilir? Sabah bu ünsürlər verilən təlimat əsasında Almaniyada hansısa terror aktı törətsələr buna görə kim məsuliyyət daşıyacaq? Sözsüz ki, bunun məsuliyyəti Azərbaycanda deyil, bilavasitə Almaniya hökumətinin üzərinə düşəcək”.
Ceyhun Məmmədov Almaniya xüsusi xidmət orqanlarının gözü qarşısında İranın nəzarətində olan insanların yeni şəbəkə qurmalarına da diqqət çəkib:
“Bunun qarşısını almaq əvəzinə Almaniya XİN-i onları qəbul edib dinləyir. O da bəllidir ki, İran müxtəlif ölkələrdə - Avropadan tutmuş Gürcüstana kimi azərbaycanlılardan ibarət hücrələr yaradır. Gələcəkdə onların hansı məqsədlər üçün istifafadə olunacağını başa düşmək üçün o qədər də dərin zəka tələb olunmur.
Ona görə də Avropa ölkələri, xüsusilə Almaniya bu real təhlükəni adekvat qiymətləndirməli və təsirli tədbirlər görməlidir. Yoxsa, sonra baş verə biləcək xoşagəlməz hallara görə özü məsuliyyət daşıyacaq”.