BAKI, 10 iyul. TELEQRAF
2025-ci ildə “Startap” şəhadətnaməsi alan KOB subyektlərinin ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə 18% artıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Teleqraf-a verilən məlumata görə, 2025-ci ildə 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan 2025-ci ildə 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb.
Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18% artım deməkdir.
Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr cəlb ediblər.
Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. İndiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.