BAKI, 10 iyul. TELEQRAF
Samur transsərhəd çayının su ehtiyatlarının Azərbaycan və Rusiya arasında arasında bölüşdürülməsi, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı ilə bağlı protokol imzalanıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Teleqraf-a verilən məlumata görə, protokol ölkələr arasında “Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə uyğun olaraq yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının Qusarda keçirilən 29-cu iclasının yekununda imzalanıb.
İclas Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, Rusiyanın Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə baş tutub.
Görüşdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA-nın aidiyyəti qurumlarının, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmçinin Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.