BAKI, 9 iyul. TELEQRAF
İran ətrafında münaqişənin yenidən alovlanması Avropa İttifaqı (Aİ) ölkələrində qazın qiymətinin bahalaşacağı yönündə narahatlığa səbəb olub.
Teleqraf xəbər verir ki, Avropa Komissiyasının (AK) sözçüsü Anna-Kaysa İtkonen ölkələri enerji resurslarının alınması zamanı panikaya yol verməməyə çağırıb.
Onun sözlərinə görə, Avropadakı qaz ehtiyatlarının mövcud səviyyəsi böhrandan əvvəlki dövrlə müqayisədə orta göstəricidən aşağı olsa da, bu, Avropa Komissiyasında narahatlıq yaratmır:
"Hazırda yay mövsümünün ortasıdır və qaz anbarlarının doldurulması prosesi davam edir. Avropa Komissiyası üzv ölkələrə qaz anbarlarının doldurulması ilə bağlı manevr imkanları barədə məlumat təqdim edib. Komissiya vəziyyəti çox diqqətlə izləyir ki, qaz alışında panika yaranmasın. Çünki panika qiymətlərin daha da artmasına səbəb olur".
İtkonen 2022-ci ilin avqustunda yaşanan vəziyyətin bu dəfə təkrarlanmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, həmin dövrdə Rusiyadan qaz tədarükünün dayanması qiymətlərin kəskin artmasına səbəb olmuş, Avropa Komissiyası isə qaz istehlakını məhdudlaşdıran tədbirlər tətbiq etmək məcburiyyətində qalmışdı ki, bu da Avropa sənayesinə ciddi təsir göstərmişdi.