BAKI, 9 iyul. TELEQRAF

Hotel və turizm obyektlərinin sayı artdıqca peşəkar kadrların təmin olunması daha da çətinləşir. Buna görə də xidmət keyfiyyətinin və insan kapitalının inkişafına investisiya davam etdirilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, mövcud imkanlar tükəndikdən sonra deyil, indidən yeni inkişaf istiqamətləri barədə düşünmək lazımdır:

“Dünya Bankı da bu müzakirəyə töhfə verməyə çalışır. Bu baxımdan turizm iqtisadiyyatın şaxələndirilməsi üçün ən perspektivli istiqamətlərdən biridir.

Şaxələndirmə təkcə turistlərin gəldiyi ölkələrin deyil, həm də turizm məhsullarının və istiqamətlərinin müxtəlifləşdirilməsi deməkdir. MICE turizmi – işgüzar görüşlər, beynəlxalq konfranslar və tədbirlər – xüsusilə Bakı üçün uğurlu olub. Lakin paytaxtdan kənarda da böyük potensial mövcuddur. Bu isə regionların inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər”.