BAKI, 9 iyul. TELEQRAF
Azərbaycanla bağlı prioritetlər arasında turizm istiqamətlərinin inkişafı, ölkəyə və regionlara nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, turizm infrastrukturu, xidmət zəncirinin gücləndirilməsi, kadr hazırlığı və xidmət keyfiyyətinin artırılması da yer alır. Bunlar güclü turizm iqtisadiyyatının əsas elementləridir.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Şaun Mann “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan gələcəkdə Xəzər regionunun incisinə çevrilə bilər:
“Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi böyük üstünlükdür. Bakı və Azərbaycan brendi artıq möhkəm təməl yaradıb. İndi isə strategiya və marketinqdən praktik həyata keçirməyə keçmək, turizm məkanlarını və turist təcrübəsini real şəkildə dəyişdirmək lazımdır.
Bunun üçün bazar tələbatı daha dərindən öyrənilməli, turistlər üçün dəyər yaradan xidmətlər inkişaf etdirilməlidir. Qafqaz, Qərbi Balkanlar və Mərkəzi Asiya Avropa və Asiya turizminin növbəti inkişaf məkanı ola bilər. Azərbaycanın həm Avropa, həm də Asiya bazarlarına çıxışı böyük üstünlükdür. Bu imkanlardan istifadə etməklə turistlərin daha çox xərcləməsinə və ölkəyə təkrar səfər etməsinə nail olmaq mümkündür”.