BAKI, 9 iyul. TELEQRAF
Hazırda Azərbaycanın turizmi əsasən Bakı, bir neçə bazar və müəyyən seqment üzərində cəmlənib. Paytaxtdan kənar regionlara təsir isə məhduddur.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Şaun Mann “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.
O qeyd edib ki, regionlarda nəqliyyat infrastrukturu, xidmətlərin keyfiyyəti və müxtəlifliyi, eləcə də ümumi turizm ekosistemində boşluqlar mövcuddur:
“Bu çatışmazlıqlar turistlərin ölkədə qalma müddətini məhdudlaşdırır. Halbuki əsas məqsəd turistlərin təkcə gəlməsi deyil, daha uzun qalaraq daha çox vəsait xərcləməsidir. Bu isə iqtisadiyyata və turizm sektorunda məşğulluğa töhfə verir.
Turizm istiqamətlərinin və hədəf bazarlarının şaxələndirilməsi vacibdir. Bunun üçün hava nəqliyyatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Məsələn, Niderlanddan birbaşa reyslərin olmaması həmin ölkədən turist axınını məhdudlaşdırır. Daha geniş bazarlara çıxış uzunmüddətli dayanıqlılığı təmin edəcək.
Turizm potensialı olan istiqamətlərin strateji inkişafı vacibdir. Bunun üçün yalnız reklam kifayət etmir, unikal mədəni, təbii və ya macəra turizmi potensialına malik məkanlara məqsədyönlü investisiyalar lazımdır.
Azərbaycanda beynəlxalq səviyyədə uğurlu tanıtım aparılır. Lakin Bakıdan kənarda peşəkar bələdçilər, keyfiyyətli xidmətlər və xarici turistlər üçün əlçatan təcrübələr hələ də kifayət deyil. Bu sahənin inkişafı üçün dövlət əsas infrastruktur və institutları formalaşdırmalı, özəl sektor isə investisiyalarla prosesi dəstəkləməlidir”.