BAKI, 9 iyul. TELEQRAF
Gələn ilin may ayından etibarən Azərbaycan Hava Yolları Şanxaya yeni reys açmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.
O əlavə edib ki, digər Çin aviaşirkətləri ilə də danışıqlar aparılır:
“Çin kimi böyük bazarlar Azərbaycan turizmi üçün yeni imkanlar yaradır.
Azərbaycan əhatə olunmuş bir dövlətdir. Şimalda Rusiya, cənubda İran, qərbdə Türkiyə, şərqdə isə Mərkəzi Asiya bazarları yerləşir. Belə şəraitdə turist axınının 50-60%-nin qonşu bazarlardan gəlməsi təbii haldır və bunu mənfi tendensiya kimi qiymətləndirmək olmaz.
İran, xüsusilə münaqişədən əvvəl, yüksək xərcləmə qabiliyyətinə malik və mədəni turizmə maraq göstərən turistlər baxımından çox əhəmiyyətli bazar idi. Rusiya ilə nəqliyyat əlaqələrinin azalması statistik göstəricilərə təsir edib. Digər tərəfdən, Türkiyədən gələn turist axınının artması müsbət tendensiya hesab olunur.
Yeni bazarlar da sürətlə inkişaf edir. Məsələn, Hindistan 2018-ci ildən əvvəl Azərbaycan üçün demək olar ki, mövcud olmayan bazar idi. Ötən il bu ölkədən 256-260 min turist gəlib. Bu turistlər məhz Azərbaycanın turizm məhsullarından yararlanmaq üçün səfər edirlər”.