BAKI, 9 iyul. TELEQRAF

Azərbaycanda turizm sektorunda yeni iş yerləri yaradılsa da, onların sayı hələ kifayət qədər deyil. Bununla yanaşı, turistlərin orta xərcləri region ölkələri ilə müqayisədə daha yüksəkdir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Şaun Mann “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, bu göstəricinin arxasında duran struktur göstərir ki, turizmin iqtisadiyyata töhfəsini daha da artırmaq üçün əhəmiyyətli imkanlar mövcuddur:

“Azərbaycanın əsas problemi turizm məhsullarının çatışmazlığı deyil. Ölkə zəngin tarixə, mədəni irsə və turizm potensialına malikdir, lakin bu resurslardan tam istifadə olunmur. Bakı uğurlu turizm istiqaməti kimi inkişaf etdirilib, lakin əsas çağırış paytaxtdan kənarda cəlbedici turizm məkanlarının formalaşdırılmasıdır.

Azərbaycanda məqsəd turistlərin səfərini “Bakı+” modelinə çevirmək, onların ölkədə qalma müddətini və səyahət təcrübəsini genişləndirmək olmalıdır”.

Ekspert turizm bazarlarının yüksək konsentrasiyasını risk kimi qiymətləndirib:

“Hazırda turistlərin təxminən 66%-i cəmi üç-dörd ölkədən gəlir. Bu isə həmin bazarlarda baş verə biləcək dəyişikliklərin Azərbaycanda turizm tələbinə birbaşa təsir göstərə biləcəyi anlamına gəlir.

2017–2025-ci illərdə turist axınının coğrafiyasında struktur dəyişiklikləri baş verib. Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Pakistan və Türkiyədən gələn turistlərin sayı artdığı halda, Rusiya, Gürcüstan, İran və BƏƏ kimi ənənəvi bazarların payı azalıb. Bu dəyişikliklər hava nəqliyyatı və viza rejimindəki yeniliklərlə əlaqədardır və yeni bazarların tələblərinə uyğun turizm məhsullarının hazırlanmasını zəruri edir.

Turizm dəyər zənciri xüsusilə əhəmiyyətlidir. Məhz bu sahədə yeni iş yerləri yaranır, kiçik bizneslər fəaliyyət göstərir və iri şirkətlər yerli sahibkarlıqla inteqrasiya olunur. Bu baxımdan turizm digər iqtisadi sahələrdən fərqlənərək məşğulluğun və regional inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur”.