BAKI, 9 iyul. TELEQRAF

Dünya Bankının proqnozuna görə, 2026-cı ildə Azərbaycanın neft sektorunun sabitləşməsi və qeyri-neft istehlakının bərpası fonunda iqtisadi artım 2%-ə çatacaq.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

O əlavə edib ki, inflyasiyanın isə əsasən qlobal enerji və nəqliyyat xərclərinin təsiri ilə orta hesabla 5,8%-ə yüksələcəyi gözlənilir:

“2027–2028-ci illərdə inflyasiyanın 4,4%-ə enəcəyi, iqtisadi artımın isə orta hesabla 1,8% olacağı proqnozlaşdırılır. Buna orta müddətli fiskal konsolidasiya siyasətinin daxili tələbi qismən zəiflətməsi təsir göstərəcək.

Hökumətin ehtiyatlı makroiqtisadi siyasəti davam etdirəcəyi gözlənilir. 2029-cu ilədək qeyri-karbohidrogen sektorunun dövlət büdcəsi gəlirlərində payının 61%-ə çatdırılması hədəflənir. Büdcə xərclərinin nominal ifadədə illik 2,3% artacağı, real ifadədə isə cüzi azalacağı proqnozlaşdırılır. Fiskal intizam bazar etimadını, kredit reytinqlərini və maliyyə dayanıqlığını gücləndirəcək”.

V.Mansur əlavə edib ki, Dünya Bankı iqtisadi riskləri balanslı qiymətləndirir:

“Yaxın Şərqdə geosiyasi gərginlik qlobal ticarətə, maliyyə xərclərinə və inkişaf etməkdə olan bazarlara investisiyalara mənfi təsir göstərə bilər. Eyni zamanda, Cənubi Qafqazda sülh prosesində irəliləyiş və yeni regional nəqliyyat layihələrinin reallaşması Azərbaycanın orta müddətli iqtisadi artımını əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Dünya Bankının yeni hesabatında vurğulanır ki, fiskal siyasətin sərtləşdirilməsi və qeyri-neft gəlirləri üzrə iddialı hədəflər fonunda iqtisadi artımın və yeni iş yerlərinin əsas hərəkətverici qüvvəsi özəl sektor olmalıdır. Regional əlaqələrin genişlənməsi və sülh perspektivlərinin güclənməsi isə Azərbaycana investisiya cəlbi və yeni inkişaf imkanlarından yararlanmaq üçün əlverişli şərait yaradır”.