BAKI, 9 iyul. TELEQRAF

Azərbaycanda neft sektorunun iqtisadi artımın əsas hərəkətverici qüvvəsi rolunun zəifləməsi fonunda yeni sahələrin önə çıxması vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, bu baxımdan turizm yüksək turist xərcləri, regional inkişaf və məşğulluq yaratmaq potensialına malik strateji sahə kimi qiymətləndirilir:

“2025-ci ildə iqtisadi artımın 2024-cü ildəki 4,1%-lik göstəricidən 1,4%-ə enməsi əsasən neft hasilatının struktur səbəblərlə azalması, dövlət investisiyalarının ixtisarı və daxili tələbatın zəifləməsi ilə əlaqədardır. Yavaşıma xüsusilə tikinti və nəqliyyat sektorlarında hiss olunub.

Daxili tələbatın zəifləməsinin əsas səbəbi fiskal siyasət və özəl sektora kreditləşmədəki dəyişikliklər olub. Ötən il dövlət investisiyaları əhəmiyyətli dərəcədə azalıb. Dövlət xərcləri uzun illər qeyri-neft sektorunun əsas hərəkətverici qüvvəsi olduğundan fiskal konsolidasiya tikinti və əlaqəli sahələrə mənfi təsir göstərib".

Onun sözlərinə görə, özəl istehlak da zəifləyib.

"Mikro-məlumatlar real əməkhaqlarının artım tempinin yavaşıdığını və istehlak kreditləri üzrə şərtlərin 2024-cü illə müqayisədə sərtləşdiyini göstərir. Bu isə ev təsərrüfatlarının xərclərini daha ehtiyatlı planlaşdırmasına səbəb olub.

Bununla belə, əmək bazarında müsbət tendensiya müşahidə olunub. İlin gedişində məşğulluq artımı davam edib və yeni iş yerlərinin əsas hissəsi dövlət deyil, özəl sektor tərəfindən yaradılıb. İşsizlik səviyyəsi 5,3%-dən 5,2%-ə enib, il ərzində xalis ifadədə 75,8 min yeni iş yeri yaradılıb ki, bu da özəl sektorun dayanıqlılığını göstərir.

İnflyasiya göstəriciləri isə daha əlverişli mənzərə ortaya qoyur. Son illərdə yüksək olan inflyasiya təzyiqləri 2025-ci ildə tədricən zəifləyib. Ərzaq inflyasiyası qlobal geosiyasi proseslərin təsiri ilə idxal inflyasiyası hesabına 5,5%-dən 6,4%-ə yüksəlsə də, qaz, elektrik enerjisi və nəqliyyat xidmətləri üzrə tənzimlənən tariflərin artırılması xidmət inflyasiyasına da müəyyən təsir göstərib.

Qlobal şəraitin yaxşılaşması ilə ümumi inflyasiya əhəmiyyətli dərəcədə azalıb. Bunun nəticəsində Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin sonuna doğru pul-kredit siyasətini tədricən yumşaldaraq uçot dərəcəsini iki mərhələdə ümumilikdə 50 baza bəndi azaldıb. Bu addımlar, həmçinin likvidliyin idarə olunması tədbirləri biznes və istehlakçılar üçün daha sabit maliyyə mühiti formalaşdırıb”, - deyə qeyd edib.