BAKI, 9 iyul. TELEQRAF

Hazırkı inkişaf trayektoriyası çərçivəsində Azərbaycanda üç mühüm dinamik tendensiya müşahidə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

“Birincisi, qeyri-neft sektorunda texnoloji inkişaf və artım dalğası iqtisadiyyatın strukturunu yenidən formalaşdırır.

İkincisi, iqtisadi artımın mənbələri tikinti kimi ticarətə aid olmayan sahələrdən nəqliyyat və logistika, informasiya texnologiyaları və emal sənayesi kimi ticarətə yönəlmiş sahələrə doğru dəyişir.

Üçüncüsü, iqtisadi artımın əsasları dövlət xərclərindən getdikcə daha az asılı olur və özəl sektorun fəaliyyəti hesabına daha çox dəstəklənir”, - deyə o qeyd edib.

Ə.Məmmədyarov əlavə edib ki, ümumilikdə, iqtisadiyyatla bağlı proqnozlar müsbət olaraq qalır:

“Azərbaycan Mərkəzi Bankının may ayı proqnozuna əsasən, cari ilin sonunadək ümumi daxili məhsulun 1,1%, 2027-ci ildə isə 3,2% artacağı gözlənilir. Qeyri-neft sektorunda isə müvafiq olaraq 3,2% və 4,7% artım proqnozlaşdırılır.

İnkişafın növbəti mərhələsi əhəmiyyətli dərəcədə iqtisadiyyatın şaxələndirilməsindən asılı olacaq. Bu baxımdan turizm böyük və hələ tam istifadə olunmamış potensiala malik sahə kimi ön plana çıxır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi, müxtəlif təbii landşaftları və inkişaf edən infrastrukturu rəqabətqabiliyyətli və dayanıqlı turizm sənayesinin formalaşması üçün möhkəm zəmin yaradır.

Hava nəqliyyatı əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi və turizm istiqamətlərinin fəal təşviqi nəticəsində son üç ildə sərhədlərin açılmasından sonra turizm gəlirləri orta hesabla hər il 38% artıb. 2026-cı ilin birinci rübündə turizm xidmətlərinin ixracı ümumi xidmət ixracının 21%-ni təşkil edib”.