BAKI, 9 iyul. TELEQRAF

Geosiyasiya gərginliklərə baxmayaraq, Azərbaycanın xarici iqtisadi mövqeyi əlverişli olaraq qalır. Bu ilin birinci rübündə cari əməliyyatlar hesabının profisiti 1,7 milyard ABŞ dolları və ya ÜDM-in 9,5%-i təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, ilin sonunadək neft gəlirlərinin daha 5,5 milyard ABŞ dolları artacağı gözlənilir:

“Strateji valyuta ehtiyatları isə 85,8 milyard ABŞ dollarına çatıb. Bu ehtiyatlar xarici şoklara qarşı etibarlı maliyyə buferi rolunu oynayır və pul-kredit sabitliyini dəstəkləyir.

Qiymətlərə gəldikdə isə, may ayında illik inflyasiya 5,6% olub ki, bu da hədəf diapazonu olan 4% ± 2 faiz bəndi çərçivəsindədir. İnflyasiya əsasən xarici təklif amillərinin təsiri ilə formalaşır. Əsas proqnozumuza əsasən, inflyasiya 2026-cı ildə 5,9%, gələn ilin sonunadək isə 4,5% səviyyəsində olacaq.

Maliyyə sektoru sağlam və sabit olaraq qalır. Bank sektorunda kapital adekvatlığı əmsalı 17% təşkil edir. Likvidliyin örtülməsi əmsalı 155% səviyyəsindədir ki, bu da müəyyən edilmiş minimum normadan əhəmiyyətli dərəcədə yüksəkdir. Problemli kreditlərin payı cəmi 2,9% olub. Kreditlər üzrə dollarlaşma səviyyəsi 40%-ə, rezident əmanətləri üzrə isə 37%-ə qədər əhəmiyyətli dərəcədə azalıb”.