BAKI, 9 iyul. TELEQRAF

Azərbaycanın turizmin inkişafının növbəti mərhələsi əsasən Bakı mərkəzli və tədbir yönümlü modeldən Azərbaycanın regionlarının iqtisadi potensialını üzə çıxaran daha şaxələndirilmiş turizm ekosisteminə keçidi tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

“Bu isə turizm məkanlarının idarəçiliyinin gücləndirilməsi, son mərhələ nəqliyyat bağlantılarının yaxşılaşdırılması, paytaxtdan kənarda yerləşdirmə imkanlarının və turizm xidmətlərinin genişləndirilməsi, yerli sahibkarların dəstəklənməsi, kadr hazırlığına investisiyaların artırılması, həmçinin hava nəqliyyatı əlaqələrinin və bazarlara çıxış imkanlarının daha da inkişaf etdirilməsi deməkdir.

Azərbaycan hökuməti artıq turizmi strateji prioritet kimi müəyyənləşdirib və bu sahənin genişləndirilməsi ilə bağlı iddialı planlar hazırlayıb. İndi əsas məsələ bu planların icrasıdır – onların investisiyaya hazır layihələrə çevrilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin regionların beynəlxalq turizm bazarında uğurla rəqabət aparmasına şərait yaradılmasıdır”.