BAKI, 29 iyun. TELEQRAF

Mərkəzi Bank maliyyə sektorunda rəqəmsallaşma səviyyəsini qiymətləndirən rəqəmsal yetkinlik indeksinin hazırlanmasını planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihə hazırda təsdiq və hazırlıq mərhələsindədir:

“Bu, yəqin ki, ən böyük layihələrimizdən biridir. İlkin nəticələrimiz artıq var və yaxın vaxtlarda həm media, həm də maliyyə sektorunun nümayəndələri ilə paylaşılacaq.

Araşdırma çərçivəsində Mərkəzi Bank meqarequlyator olaraq bank, ödəniş, fintex, sığorta və kapital bazarlarında rəqəmsallaşma yetkinliyini qiymətləndirib. Çox maraqlı göstəricilər və məlumatlar əldə etmişik. Növbəti strateji dövrdə Mərkəzi Bankın yanaşması yalnız hansı təşəbbüs və ya layihələrin faydalı olacağı barədə subyektiv baxışa əsaslanmayacaq. Strategiya real məlumatlara və toplanmış statistikaya söykənəcək. Sorğular vasitəsilə əldə etdiyimiz məlumatların mühüm hissəsini yeni strategiyada əks etdirməyi planlaşdırırıq”.