BAKI, 25 iyun. TELEQRAF

Mülkiyyət hüququ, sahibkarlıq hüququ, sosial-iqtisadi hüquqlar, əmək münasibətləri, investorun qanuni gözləntisi, maliyyə vəsaitlərin istifadəsində ictimai maraq və vətəndaşın rifah hüququ şəffaf maliyyə idarəetməsi olmadan tam təmin edilə bilməz.

Teleqraf xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsindəauditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

O qeyd edib ki, audit insan hüquqlarından ayrı dayanan texniki peşə deyil, hüquqi dövlətin iqtisadi dayaqlarından biri kimi dəyərləndirilməlidir:

“Bu onunla izah olunur ki, Audit rəqəmlərin arxasında dayanan həqiqəti, hesabatların arxasında dayanan məsuliyyəti, iqtisadi qərarların arxasında dayanan etibarlılığı üzə çıxarır. Auditin son məhsulu olan auditor rəyi sadəcə maliyyə sənədi deyil, müəssisənin idarəetmə mədəniyyəti, maliyyə intizamı, daxili nəzarət sistemi və bazar iştirakçıları qarşısında etibarlılığı və etimadı barədə ciddi peşəkar mövqedir.

Ümumilikdə isə müstəqil audit iqtisadi münasibətlər sistemində mühüm nəzarət mexanizmi kimi əhəmiyyət kəsb etməklə təsərrüfat subyektləri (müəssisələr) və mülkiyyətçilər (səhmdarlar, investorlar) arasında «etimad körpüsü» rolunu oynayır”.