BAKI, 28 iyul. TELEQRAF
Ötən bir il ərzində Rusiya əsirliyindən xilas olan 10 ukraynalı hərbçi Azərbaycanda reabilitasiya kursu keçib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev müəllif yazasında bildirib.
Diplomat göstərdiyi humanitar köməyə və hərbçilərə qayğıya görə Azərbaycana təşəkkürünü bildirib:
"Azərbaycanlı mütəxəssislərin göstərdiyi tibbi və psixoloji yardım əsirlikdən çıxan döyüşçülər üçün çox vacib dəstək olub. Azərbaycan və Ukrayna xalqları azadlığın və müstəqilliyin qiymətini çox yaxşı bilirlər".
Diplomat hər il Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar qurbanlarını yad edərkən iki xalqın bir-birinə nə qədər yaxın olduğunu xüsusi hiss etdiyini yazıb.
Yazıda Rusiya əsirliyində işgəncələrə məruz qalan və həlak olan ukraynalı hərbçilərin xatirəsi də yad edilib.
Yuri Qusev 2022-ci ilin iyulunda Yelenovka həbsxanasında onlarca ukraynalı əsirin öldürüldüyünü xatırladaraq, beynəlxalq aləmi bu haqsızlıqlara göz yummamağa və hələ də əsirlikdə olan insanları xilas etməyə çağırıb.