BAKI, 12 iyun. TELEQRAF
2025-ci ildə neft-qaz sektorundan Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar 3 milyard 830 milyon manat proqnoza qarşı 4 milyard 347,4 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, Azərbaycanın təbii qazının bütün istiqamətlər üzrə min kubmetrinin orta satış qiymətinin proqnoz göstəricini 26,4% üstələyərək 305,9 ABŞ dollarına çatması DVX üzrə proqnozun artıqlaması ilə icrasını şərtləndirən əsas amillərdən olub.
Bununla belə Dövlət Neft Şirkətinin vergi və digər ödənişləri 1880 mln. manat proqnoza qarşı 84,6 mln. manat və ya 4,5% az olmaqla 1795,4 mln. manat olub.
Neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi 1950 mln. manat proqnoza qarşı 602 mln. manat və ya 30,9% çox olmaqla 2552 mln. manat, o cümlədən "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə 158,3 mln. manat və ya 35,2% az olmaqla 291,7 mln. manat, "Şahdəniz" layihəsi üzrə isə 760,3 mln. manat və ya 50,7% çox olmaqla 2260,3 mln. manat məbləğində icra edilib.