BAKI, 29 iyul. TELEQRAF
Zaqatalada yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı araşdırmalar aparılıb, obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, iyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından AQTA-nın 1003 - Çağrı Mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub.
"Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək",- məlumatda qeyd olunub.