BAKI, 1 may. TELEQRAF
“Bakı Metropoliteni ölkədə ilk dəfə süni intellekt vasitəsilə sıxlığın aradan qaldırılması mövzusunda hakaton tədbiri keçirir. Bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər, sahə üzrə mütəxəssislər tərəfindən ciddi maraq qeydə alınıb. Layihədə iştirak üçün ümumilikdə 1201 nəfər müraciət edib”.
Teleqraf xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin İnsan resursları departamentinin rəis müavini Fərid Hacıağabəyli deyib.
O bildirib ki, digər hakatonlardan fərqli olaraq, problem həllin tətbiq olunacağı məkanda İçərişəhər stansiyasında təşkil olunur:
“Müraciətçilərdən 100-ə yaxın iştirakçı seçilib. Seçilən iştirakçılar müxtəlif şirkətlərin İT və data analitikləri, həmçinin universitet tələbələridir. 3 gün davam edəcək hakatonda hərəsi 4 təsadüfi iştirakçıdan formalaşan 18 komanda mübarizə aparır.
Həmin komandalar hazırda 7 fərqli çağırışın öhdəsindən gəlməyə çalışırlar. Bu çağırışlar əsasən sıxlığın aradan qaldırılmasına fokuslanıb. Bunlara giriş-çıxış qapıları, turniketlər, eskalatorlar, platforma və qatarların içində sərnişin sıxlığının azaldılması daxildir. Komandalar real layihələr üzərində işləyirlər. Planlaşdırılır ki, uyğun hesab edilən qalib komandaların layihələri gələcəkdə davam etdirilsin”, - rəis müavini vurğulayıb.