BAKI, 13 mart. TELEQRAF

"Müşahidəmiz ondan ibarətdir ki, dünya getdikcə parçalanır və çoxtərəflilik təzyiq altındadır. Bu kontekstdə, COP prosesi qlobal əməkdaşlıq üçün son universal məkanlardan biri olaraq qalır".

Teleqraf xəbər verir ki, bu barədə COP22-nin prezidenti Salaheddin Mezouar XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bugünkü əsas sual yalnız iqlim öhdəliklərini müzakirə etmək deyil, həm də bu prosesin effektiv qalmasını təmin etməkdir: “İcazə verin, indi üç sadə məqamı qeyd edim. Birincisi, əsas proses universaldır. Bütün ölkələr hələ də eyni masada oturur. Bu günkü dünyada bu universalizm əvvəllərkindən daha vacibdir. İqlim dəyişiklikləri qlobal çağırışdır və qlobal çağırışlar qlobal əməkdaşlıq tələb edir.

İkincisi, COP sistemi dediyiniz kimi, konsensus üzərində qurulub. Konsensus legitimlik verir. Bu, hər ölkənin səsi olmasını təmin edir. Bu bizim baxışımızdan önəmlidir. Amma konsensus həm də çətinlik gətirir. Hər qərarın yekdilliklə qəbul edilməsi tələb olunduqda, irəliləyiş yavaş ola bilər”.

S.Mezouar üçüncü məqam olaraq bildirib ki, iqlim tədbirləri sürətləndirməldir:

“Bu kontekstdə, mümkün yollardan biri könüllülər koalisiyalarıdır. Bu koalisiyalar daha sürətli hərəkət edə bilər. Onlar öhdəlikdən icraya keçiblər. COP prosesini əvəz etməməlidirlər. Onlar onu dəstəkləməli və onun çərçivəsində fəaliyyət göstərməlidirlər. Onlar hökumətləri, özəl sektoru, yerli hakimiyyətləri və digər iştirakçıları bir araya gətirə bilərlər. Məsələn, Qlobal Metan Təşəbbüsü (Global Methane Pledge) göstərir ki, ölkələr irəliləyişi sürətləndirmək üçün necə əməkdaşlıq edə bilər. Mən 160 ölkənin birgə işləməsindən danışıram. Amma koalisiyalar yalnız həllin bir hissəsidir.

Biz həmçinin milli öhdəliklərin daha güclü icrasına, daha çox iqlim maliyyələşməsinə, texnoloji əməkdaşlığın genişlənməsinə və şəhərlər və biznesin daha fəal iştirakına ehtiyacımız var. Beləliklə, əsas çətinlik COP prosesini əvəz etmək deyil. Əsas çətinlik onu daha effektiv etməkdir. Nəticədə, əsl çətinlik legitimlik və tədbiri tarazlaşdırmaqdır”.