BAKI, 10 mart. TELEQRAF

2026-cı ilin yanvar ayında Bakı şəhərində sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 3,6 milyard manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, sənaye məhsulunun 70 faizi mədənçıxarma, 25,1 faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,4%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6% təşkil edib.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2026-cı fevralın 1-nə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 39,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.