BAKI, 9 mart. TELEQRAF
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat Avropa və Asiya ölkələrinə ABŞ-dən daha çox iqtisadi zərər vurur.
Teleqraf xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetində dərc olunan məqalədə bildirilir.
Nəşr qeyd edir ki, müharibənin iqtisadi nəticələri təkcə Hörmüz boğazından keçən neft və qaz tədarükünə təsir göstərmir. Münaqişə zonasındakı bir neçə beynəlxalq hava limanının bağlanması qlobal yük daşımalarında ciddi problemlər yaradıb.
Məlumata görə, Dubay da daxil olmaqla bir sıra beynəlxalq hava limanlarının bağlanması beynəlxalq yük hava daşımalarının demək olar ki, beşdə birinin dayanmasına səbəb olub. Bu isə məişət elektronikası, farmasevtika məhsulları və qiymətli metalların tədarükündə fasilələr yaradıb.
San-Fransiskoda yerləşən “Flexport” logistika şirkətinin rəhbəri Rayan Pitersonun sözlərinə görə, münaqişə başlayandan sonra Asiyadan Avropaya hava yük daşımalarının qiyməti 45 faiz artıb. Onun məlumatına əsasən, Asiyadan ABŞ-yə daşımaların qiyməti isə bundan iki dəfə az artıb.
Nəşr qeyd edir ki, müharibə Avropa və Asiya iqtisadiyyatlarına ABŞ ilə müqayisədə daha sürətli və daha güclü təsir göstərir.
"Vaşinqton Post"un qiymətləndirməsinə görə, hazırda ən ciddi nəticələri Belçika, Hindistan, İtaliya, Çin və Cənubi Koreya kimi ölkələr hiss edir. Bu ölkələrin iqtisadiyyatı Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft və qaz tədarükündən daha çox asılıdır.